Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS

Ən çox oxunan kitablar
Səməd Vurğun “Seçilmiş əsərləri”.
16 Aprel , 2015

Azərbaycan ədəbiyyatı tarixində dövrün böyük poeziyasını yaradanlar sırasında adı sonsuz ehtiramla çəkilən xalq şairi Səməd Vurğun Vətənin və poeziyanın yaddaşında elm və sənət təşkilatçısı, həm də ədəbiyyatımızın böyük təşkilatçısı kimi yaşayır. Azərbaycan və dünya ədəbiyyatı klassikləri haqqında, bədii yaradıcılıq, ictimai-siyasi və mədəniyyət məsələlərinə həsr olunmuş elmi, ədəbi-tənqidi və publisistik məqalələr müəllifi olan mütəfəkkir şair bu yazılarında mühüm problemlər qaldırır və onların həlli yollarını göstərirdi. Özünün möhtəşəm nəzəri-estetik irsində və poeziyasında ədəbiyyatın, dünya və Şərq şerinin problemlərinə ardıcıl münasibət bildirdiyinə görə də bütün keçmiş sovet məkanında poetik fikrin axtarışı, hərəkəti və perspektivi haqda manifesti — II Qurultayda hesabat məruzəsini — məhz ona etibar eləmişdilər. “Seçilmiş əsərləri”nin bu cildində görkəmli sənətkarın 1930-1955-ci illər dövrü yaradıcılığını əhatə edən məqalələri, məruzələri, nitqləri və oçerkləri toplanmışdır. Ədəbiyyatımızın zəngin keçmişi, məzmunu, forma və janr rəngarəngliyinin vüsətli panoramını yaradan, dövrün ədəbi tənqidinin, ideya-estetik tarixinin, elmi-nəzəri inkişafının aydın mənzərəsini canlandıran bu materiallar bir daha göstərir ki, klassik ədəbiyyat və onun nəzəriyyəsi ilə yanaşı, çağdaş ədəbiyyatı və onun məsələlərini dərindən bilən Səməd Vurğun ədəbi prosesin inkişafına yaxından kömək etmiş, ona həmişə düzgün istiqamət vermişdir.