Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS

Ən çox oxunan kitablar
Mirzə Ələkbər Sabir “Hophopnamə”.
16 Aprel , 2015

Mirzə Ələkbər Sabir XX əsr Azərbaycan ədəbiyyatının böyük simaları arasında fərqlənən görkəmli sənətkardır. O, həqiqi xalq şairi, yeni Azərbaycan şeirinin yaradıcısıdır. Onun şeirləri yarandıqları zamanın ən doğru bədii sənədləri, XX əsrin əvvəlinin salnaməsidir. Əsrin nəfəsi ilə nəfəs alan şair şüurları, vicdanları hərəkətə gətirən qələmi ilə həyatın ictimai təzadlarını açıb göstərən etirazlı, təəssübkeş bir ədəbiyyatın gözəl nümunələrini yaratmışdır. Vətəndaş şair yolunu insanlara məhəbbəti naminə seçmiş Sabirin əsərləri insan ləyaqətini alçaldan hər bir şeyə qarşı mübarizədə ovxarlanmış silah idi və indi də öz kəsərini itirməmişdir. Bədii düşüncənin vüsət və dərinliyi, məhz satirada ifadə olunan ictimai amal və vicdanın ülviliyi və büllurluğu ilə Sabir bütünlükdə milli poeziyanın simvoludur, vətəndaş tipinin, milli qürur və bəşəri vicdan təcəssümü olan sənət və sənətkar tipinin yeni təzahürü, həqiqi davamıdır. Vaqif sadəliyi, Mirzə Cəlil demokratizmi, Füzuli psixologizmi, Nizami epizmi — hamısı Sabirdə vəhdət təşkil edir. Böyük şairin bütün əsərlərini əhatə edən bu ikicildliyin ikinci cildində 1911-ci ildə yazdığı satirik şeirlərlə yanaşı, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktubları toplanmışdır. Kitabda xalq rəssamı Əzim Əzimzadənin illüstrasiyalarından istifadə edilmişdir.