Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
3 Noyabr , 2021
Aqil Musayev 1974-cü il noyabrın 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açıb. 1981-ci ildə birinci sinfə gedib, 1991-ci ildə onuncu sinfi bitirib. Sonra təhsilini Qazax şəhərindəki 117 nömrəli texniki-peşə məktəbində davam etdirib. Sürücü peşəsinə yiyələnib.

1993-cü il mayın 18-də Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılıb. Bir müddət təlim-məşq toplanışlarında iştirak edib. Az müddətdə əsgər və zabit heyətinin hörmətini qazanıb. O, “N” saylı hərbi hissənin tərkibində cəbhəyə gedib. İlk döyüşü Ağdam bölgəsində olub. Aqil hər dəfə döyüşə yollananda, ürəyindən bir arzu keçib - torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək arzusu! Döyüşlərdə ölümün gözünə dik baxıb, rəşadətlə vuruşub.

O, böyük arzularla yaşayıb. Lakin arzuları yarımçıq qalıb. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 oktyabr tarixli 215 saylı Fərmanı ilə Musayev Aqil Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qazax rayonunun Əzizbəyli kənd Şəhidlər Xiyabanında dəfn edilib.