Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
3 Noyabr , 2021
Qarabağ uğrunda döyüşlərdə hünər göstərən, qəhrəmancasına şəhid olan oğullarımızdan biri də Elnur Etibar oğlu Bəylərovdur.

Elnur 1998-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 2005-ci ildə doğulduğu kənddəki Şəhid Elçin Heydərov adına tam orta məktəbdə təhsil alıb. Hələ məktəb illərində cəsarəti, mərdliyi və çalışqanlığı ilə sinif yoldaşlarından seçilib. Elnur, vətənimizin azadlığı uğrunda gedən döyüşlərə könüllü qoşulub. Hərbi xidmətə gedərkən valideyinlərinə vətənini layiqincə müdafiə edəcəyinə söz verib. Verdiyi sözü tutan Elnur döyüşlərdə xüsusi şücaət göstərib. Döyüş yoldaşları və komandiri onun qəhrəmanlıqlarından ağız dolusu danışırlar. Deyirlə Elnur çox cəsarətli, qorxmaz olub. Bir neçə yaralı əsgər yoldaşını döyüş meydanın qaynar nöqtələrindən çıxarmaqla həyatlarını xilas edib.

O, işğaldan azad olunan mövqələrimizə bayraq sancan igidlərdən biri olub. Əsasən Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Elnur Bəylərov noyabrın 3-də Qubadlı döyüşlərinin birində gecə saatlarında ürəyindən vurularaq şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Elnur Bəylərov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.