Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
9 Dekabr , 2021
Lətif Bəşir oğlu Səfərov 1920-ci il sentyabr ayının 30-da Şuşada anadan olub. Yeddi yaşında ikən rejissor Leo Murun “Gilan qızı” (“Tunc ay”) (1928) filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə, xüsusilə rejissor M.Mikayılovun səyi nəticəsində Bakıya gəlib, studiyada ştata qəbul olunub. O, “Sevil” (1929), “Lətif” (1930), “Şərqə doğru” (1930), “Qızıl kol” (1930) filmlərində uşaq rollarını oynayıb.
1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Kinostudiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. Aktyor kimi dublyaj şöbəsində “Çapayev”, “Lenin oktyabrda”, “Biz Kronştatdanıq”, “Lenin 1918-ci ildə” və başqa məşhur sovet filmlərinin səsləndirilməsində iştirak edib. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub, məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib. Bir il sonra müharibə başladığından həmkarlarıyla birgə Smolensk vilayətində müdafiə xəttinin tikintisində iştirak edib, qısa müddət “Mosfilm”də çalışıb. İnstitut arxa cəbhəyə - Alma-Ataya köçürüləndə təhsilini yarımçıq qoyaraq Azərbaycana - Bərdədə yaşayan anasının yanına qayıdıb.
Səhhətindəki problemlə bağlı orduya yaramadığı nəzərə alınaraq, Bərdə rayon mülki tədris şöbəsində hərbi inspektor təyin edilib. 1946-cı ildə Moskvaya geri dönüb və təhsilini davam etdirib. Özünü hər cəhətdən nümunəvi göstərən tələbə-rejissor institut illərində müəlliminin “Piroqov” filminin çəkilişlərində iştirak edib, pambıqçı, əmək qəhrəmanı Sürəyya Kərimova və onun briqadasının fəaliyyətindən söhbət açan “Çağırışa cavab” kinooçerkini lentə alıb. Astara rayonunun “İskra” kolxozunda çalışanların həyatından bəhs edən “Yeni həyat qurucuları” sənədli filmi diplom işi kimi əla qiymət alıb. 1950-ci ildə təhsilini başa vurub və peşəkar kinematoqrafçı kimi Bakıya dönüb, kinostudiyada işləməyə başlayıb. Üç rejissorun - İ.Xeyfits, A.Zarxi və R.Təhmasibin müştərək məhsulu olan “Bakının işıqları”, X.Babayev və T.Axundovla birgə “Gədəbəyin sərvəti” sənədli filmini çəkib. Sonra bir-birinin ardınca “Gənc leninçilər”, “Azərbaycan sərhədçiləri”, “Quba bağlarında”, Bakının uşaqları” və “Qığılcım” sənədli filmləri, “Ordenli Azərbaycan” və “Gənc nəsil” kinojurnalları, Moskvadakı mərkəzi xronika studiyası üçün süjetlər araya-ərsəyə gəlib. 1955-ci ildə ona “Sevimli mahnı” (“Bəxtiyar”) filmini çəkmək həvalə olunub, bu lentlə o, böyük kinoda ilk filmini yaradıb. “Qızmar günəş altında” (1957), “Leyli və Məcnun” (1961) kimi filmləri ilə Azərbaycan kinosuna yeni nəfəs gətirən Lətif Səfərov ekranın estetik funksiyası ilə bağlı nəzəri görüşlərini müəyyən qədər də olsa reallaşdıra bilib. 1962-ci ilin noyabrında Gəncədə və Bakıda keçirilən kino günləri çərçivəsində nümayiş etdirilən “Leyli və Məcnun” filmi tamaşaçıların müsbət qiymətini alıb.
Lətif Səfərov 1958-1963-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri işləyib.
Sevilən rejissor Lətif Səfərov 1963-cü il dekabr ayının 9-da özünə ov tüfəngi ilə atəş açaraq intihar edib.
Azərbaycan Dövlət Film Fondunda rejissorun şəxsi arxivi yaradılıb.