Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
15 Dekabr , 2021
Ramiz Məmmədəli oğlu Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 nömrəli şəhər tam orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir. 2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.

Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir (2019). Azərbaycan Respublikası Prezidentinin 25 may 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

Baxış sayı: 16