Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
5 May , 2022
Həyatı
Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.

Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapmışdır. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin milli qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazmışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, — qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapmışdır.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və b.-ndan tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülmüşdür. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf"ordeni, "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Mükafatları
Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1968
"Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979
"Şöhrət" ordeni — 26 iyun 1995
"Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 23 may 1998
"Humay" mükafatı — 1998
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 16 iyul 2010
"Şərəf" ordeni — 1 sentyabr 2015
Azərbaycan Respublikasının Dövlət Mükafatı — 26 may 2016
"İstiqlal" ordeni — 24 avqust 2020
Kitabları
Qağayı (1963)
Hamıya borcluyam (1965)
Yatmadığım gecələrdə (1970)
Günlərin bir günü (1972)
Gül ömrü (1975)
İnsan xasiyyəti (1980)
Ömürdən səhifələr (1984)
Mavi dünyanın adamları (1988)
Taleyin ağır taleyi (1993)
Dənizdə ay çiməndə (1967)
Seçilmiş əsərləri (2014)
Filmoqrafiya
Uşaqlığın son gecəsi (film, 1968)
Mürafiə vəkillərinin hekayəti (film, 2011)
Qayınana (film, 1978)
Romeo mənim qonşumdur (film, 1963)
Qonşu qonşu olsa... (film, 1989)