Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Vətən müharibəsi
11 May , 2022
Həyatı
Fərid Zaməddinov 1986-cı il mayın 11-də Oğuz şəhərində İmran və Nərgiz Zaməddinovların ailəsində anadan olub. 1992–2003-cü illərdə Oğuz şəhəri E.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Nəzrin və Nərmin adında 2 qızı, Aqşin adında isə 1 oğlu yadigar qaldı.

Hərbi xidməti
Fərid Zaməddinov 2003–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun giziri olan Fərid Zaməddinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Zaməddinov noyabrın 10-da Talış istiqamətində snayper gülləsi nəticəsində şəhid olub. Oğuz Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Zaməddinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

İrsi və xatirəsi
2020-ci ilin dekabrında Elşən Əhmədli və Fərid Zaməddinovun xatirəsini əbədiləşdirmək üçün yaşadığı məhəllədə qoşa Şəhid Bulağı tikilmişdir.