Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
14 Aprel , 2015

Dövlətin idman və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər beynəlxalq turnirlərdə yeni-yeni qələbələr qazanmasına zəmin yaradır. Azərbaycanlı gənclərin idmanın müxtəlif növlərində əldə etdikləri möhtəşəm uğurlar artıq adi hal almışdır. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin etmişdir. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırmışdır. Ölkəmizin mötəbər idman yarışlarına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. İndi Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq turnirlər, bədii gimnastika, taekvando, güləş, boks, karate və olimpiya idman növlərinə daxil olan digər yarışların məhz Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırmışdır. Azərbaycanın başda Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar olmaqla dünyanın bütün idman qurumları ilə sıx əlaqələri var. Son illər bu əlaqələr daha da genişlənmişdir. Bunu idman təşkilatlarının rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir. BOK, AOK və digər beynəlxalq idman təşkilatları ilə sıx əməkşdalığın qurulması ölkəmizin dünya olimpiya hərəkatına fəal şəkildə qoşulduğunu nümayiş etdirir. Bunu idmançılarımızın Olimpiya Oyunlarında göstərdikləri nəticələr də təsdiq edir. İdmançılarımız Olimpiya Oyunlarında getdikcə daha çox medal qazanaraq hər dəfə milli rekordu təzələmişlər. Belə ki, ölkəmizin ilk dəfə müstəqil yığma komanda kimi qatıldığı Atlanta Olimpiadasında (1996) cəmi bir medal (gümüş) qaznılmışdısa, sonrakı Olimpiya Oyunlarında - Sidneydə (2000) 3 medal (2 qızıl, 1 bürünc), Afinada (2004) 5 medal (1 qızıl, 4 bürünc), Pekində (2008) 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc), nəhayət, Londonda (2012) 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) əldə edilmişdir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkan, dünyanın idman mərkəzlərindən biri olmuşdur. Azərbaycanın bu il tarixdə ilk dəfə olaraq təşkil olunacaq Avropa Oyunlarının Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir. Avropa Olimpiya Komitəsinin qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə etməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün müsbət işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir.