Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
25 May , 2022
Son gülləsini özünə vuran polkovnik-leytenant
24 May Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-in əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Qərib Baxşaliyevin ailəsini ziyarət etmişdirlər.
Şəhid polkovnik-leytenantın hərb həyatı ilə bağlı həyat yoldaşı Gülnarə Baxşəliyeva kitabxananın əməkdaşları ilə öz xatirələrini bölüşürdü.
Gülnarə Baxşəliyeva Qərib Baxşəliyevin sevilən bir zabit olduğunu və döyüş yoldaşları arasında ona "Qızıl adam” deyə müraciət edildiyini deyir.
Onun haqqında danışan hər kəs Qərib Baxşəliyevin onlara ata və qardaş qayğısı göstərdiyini, mərd və dürüst insan olduğunu deyirlər.
Şəhid polkovnik-leytinant Qərib Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb.
Şəhid polkovnik-leytenant uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi işləyib. Bir çox hərbçilərimizin yetişməsində Q.Baxşəliyevin əməyi olub. O, müəllim işləməmişdən əvvəl də hərbçi kimi fəaliyyət göstərib. İki il müddətində Tərtərdə düşmənlə üz-üzə xidmət edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Qərib Baxşəliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Foto Qalereya