Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
10 İyun , 2022
10 iyunda Ümumdünya Modern Günü (World Art Nouveau Day) qeyd edilir. Bayram 2013-cü ildə “Szecesszios Magazin” macar jurnalının təşəbbüsü ilə təsis edilib və Budapeştin Tətbiqi Sənət Muzeyində keçirilib. Bu təşəbbüs Brüsseldə (Belçika) “Réseau Art Nouveau Network” Avropa hərəkatı və Barselonada (İspaniya) “Art Nouveau European Route” tərəfindən dəstəklənib.

Bayramın təşkilatçıları 10 iyun tarixini təsadüfən seçməyiblər. Bu tarix Modern dövrünün iki məşhur memarı Edön Lexner və Antonio Qaudinin xatirə gününü əbədiləşdirir. Qeyd edək ki, Lexner Budapeştdə yerləşən Tətbiqi Sənət Muzeyinin memarı olub və bina onun layihəsi ilə XIX əsrin sonunda inşa edilib, 2013-cü ildə Ümumdünya Modern Günü də ilk dəfə məhz burada qeyd edilib. Görkəmli memarların xatirə günü bayramın təşkilatçıları üçün rəmzə çevrillib və modern dövrü mədəni irsi xatirəsinin saxlanılması məqsədinin əsasını təşkil edib.

Ötən tarixi dövrlərin bədii üslublarının interpretasiyalarından uzaqlaşmaq, həmçinin sənayeləşmə dövrünün praktik dünyagörüşünü simvolizm və romantizmlə birləşdirmək cəhdi XIX əsrin sonlarında “Modern” adlı yeni bədii üslubun yaranmasına gətirib çıxarıb.

Qeyd etmək lazımdır ki, bu üslub müxtəlif ölkələrdə fərqli adlar daşıyıb: Fransada “Art Nuveau”, Almaniyada “Jugendstil”, İspaniyada “Modernismo”, İngiltərədə “Modern Style”, Avstriya-Macarıstanda “Secession”, Rusiyada “Modern” və s. Üslubun adının fərqli səslənməsi özlüyündə onun əsas məğzinin bir qədər müxtəlif yanaşmalardan – yeni, müasir, gənc, fərqli və ya məxsusi olmasından irəli gəlib. Modernizm praktisizmlə dünyanın estetik qavrayışı, təbiəti və gözəlliyinin funksionallığını barışdırmağa bir cəhddir.

Bu istiqamətdə işləyən memarların əksəriyyəti yeni inşaat material və texnologiyalarından (polad və beton) istifadə praktikasını uğurla tətbiq edir, düz xətt və bucaqlardan, simmetriyadan uzaqlaşmağa çalışır, ornamentlərə, ahəngli keçid, əyrilik və xətlərə üstünlük veriblər. Bu xüsusiyyətlər Modern dövrü memarların, rəngkarların, qrafik və zərgərlərin yaradıcılığına da xasdır.

1999-cu ildə Avropada yaranan “Reseau Art Nouveau” hərəkatı memarları, sənətşünasları, kulturoloqları, mədəniyyət və incəsənət xadimlərini, muzey işçilərini, bərpaçıları ətrafında birləşdirib, məqsəd isə Modern üslubunun inkişafını öyrənmək, həmçinin onun irsini və xatirəsini qoruyub saxlamaqdır.

Ümumdünya Modern Gününün bayram edilməsi, bir qayda olaraq, tematik xarakter daşıyır. Hər il tədbirlər Modern üslubunun qanunauyğunluqları əsasında yaradılmış memarlıq, heykəltəraşlığın bu və ya digər elementlərinə həsr olunur. Hər il Avropa ölkələrinin əksəriyyətində bu məqsədlə fotomüsabiqələr, sərgilər, ekskursiyalar və seminarlar keçirilir, kitablar nəşr olunur, Modern üslubu mədəniyyət və incəsənəti tarixinin nadir fenomeninə həsr olunan sənədli filmlər üzərində iş gedir.