Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
10 İyun , 2022
Bəxtiyar Allahverdiyev 10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıdakı 199 saylı tam orta məktəbi bitirib. 1992-ci ilin avqust ayında Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordumuzun sıralarında xidmətə çağırılıb. Bəxtiyar 776 saylı hərbi hissədə əsgəri xidmətə başlayıb və tez bir zamanda komandirlərin hörmətini qazanıb.

O, 1992-ci ilin oktyabrında cəbhəyə yola düşüb. Əvvəlcə Qubadlı bölgəsində gedən qanlı döyüşlərdə iştirak edib. Sonra Füzuli, Murovdağ əməliyyatlarında əsl qəhrəmanlıq nümunəsi göstərib. 1994-cü ildə Tərtər, Ağdərə bölgəsinə göndərilib. Bəxtiyarmüddətdən artıq xidmətə keçirilib.

O, harada, hansı cəbhədə xidmət etməsindən asılı olmayaraq, hər yerdə öz əsgəri andına sadiq qalıb,onu layiqincə yerinə yetirməyə çalışıb. Cəsur, qorxmaz və yetkin hərbçi olduğunu nəzərə alan komandanlıq onu qrup komandiri təyin edib.

Ən qaynar nöqtələrdə göstərdiyi misilsiz döyüş rəşadətinə görə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli 307 saylı Fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

1995-ci ildə Müdafiə Nazirinin əmri ilə B.Allahverdiyevi hərbi biliyini artırmaq məqsədilə Türkiyə Respublikasına göndərilib. 1996-cı ildə o, ixtisas kursunu müvəffəqiyyətlə başa vurub, doğma hissəyə qayıdıb. 1997-ci ildə isə gizir rütbəsi alaraq, 196 saylı hərbi hissənin kəşfiyyat taqımına komandir təyin olunub.

O, 2001-ci ildə Daxili İşlər Orqanlarına işə qəbul edilib. 2002-ci ildə Polis Akademiyasının qiyabi şöbəsinə daxil olub, işləyə-işləyə 2007-ci ildə təhsilini başa vurub. Xətai rayon Əlahiddə Polis İdarəsinin Polis Bölüyündə çalışıb. 2004-cü ildən 2006-cı ilə qədər İsmayıllı rayonunda sahə müvəkilli vəzifəsində işləyib.

Ailəlidir.

Hal-hazırda Binəqədi rayon Polis İdarəsində İctimai təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsində öz işini şərəflə davam etdirir.