Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
14 İyun , 2022
Həbib Bayramov 1926–cı il 14 iyunda Bakıda anadan olub. Hələ kiçik yaşlarından balaca Həbibin tara olan sevgisini hiss edən atası 13 yaşı tamam olanda ona tar alıb və musiqi məktəbinə, Əhməd Bakıxanovun yanına aparıb. H.Bayramov 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində həm əlaçı tələbə kimi təhsil alıb, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs deyib. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.

Onun sənət yolunu uğur, sevinc, yaddaqalan konsertlər, xarici səfərlər, təltiflər, fəxri adlar müşayiət edib. İstedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə olub. Tələbələrin Berlində keçirilən üçüncü ümumdünya festivalında iştirak edərək laureat adını qazanıb. Sonralar Polşa, Kanada, Suriya, İordaniya, Hindistan, Əfqanıstan, Türkiyə, Danimarka, Avstriya, Fransa və digər ölkələrə qastrol səfərlərinə gedib, Azərbaycan musiqisini və tarını xaricdə sevdirib, şöhrətləndirib. Yüksək sənəti və ifaçılıq mədəniyyəti ilə daim fərqlənən tarzənin repertuarında “Rast”, “Şur”, “Çahargah”, “Segah”, “Xaric segah”, “Orta mahur” və digər muğamlar əsas yer tutub.

Ustad sənətkar 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olub. H.Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi sənətkarları tarda müşayiət edib.

Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib, Bakıda II Fəxri Xiyabanda dəfn olunub.