Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
21 Aprel , 2015

Aprelin 28 –də, saat 19.00-da Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi, Göyçə aşıq mühitinin yetirməsi, Prezident təqaüdçüsü, Azərbaycanın qocaman aşıqlarından olan Mahmud Məmmədovun 80 illik yubiley tədbiri R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında qeyd ediləcək.

Qeyd edək ki, Mahmud Qasım oğlu Məmmədov 1935-ci ildə Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. 1946-cı ildə ailəsilə birlikdə Tovuz rayonunun Bozalqanlı kəndinə köçüb və sonrakı həyat fəaliyyəti bu diyarla bağlı olub.1957-ci ldən başlayaraq ustadı İmran Həsənov, Əkbər Cəfərov, balaban ustası Abbas İsmayılovla birlikdə dövlət tədbirlərində iştirak etməyə dəvət olunub. Elə həmin ildə gənc aşıq Bakıda keçirilən folklor festivalında birinci dərəcəli diploma layiq görülüb. Bir müddət sonra isə ümumittifaq və beynəlxalq festivallarında laureat adını qazanıb.

Ustad aşıq Mahmud Məmmədovun Azərbaycan teleradiosundakı mütəmadı çıxış və konsertləri, xüsusən də Azərbaycan Telefilm Birliyinin tamaşaçılara təqdim etdiyi "Abbas-Gülgəz" dastanı ona böyük şöhrət qazandırıb. O, eyni zamanda bir müddət AMEA-nın Folklor İnstitutunda çalışıb.

Aşıq Mahmud 1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən folklor festivalında Atatürk qızıl medalına layiq görülüb. Prezident təqaüdçüsüdür, Azərbaycan Aşıqlar birliyinin İdarə Heyətinin üzvüdür.

Aşıq Mahmud həm də poetik yaradıcılıqla məşğul olub. 2007-ci ildə "Hörmət olan yerdə, məhəbbət olar", 2011-ci ildə isə "Allah qəlbə görə verir" adlı şeirlər kitabları çap olunub. Bu kitablarda aşığın müxtəlif illərdə qələmə aldığı divanilər, gəraylılar, qoşmalar, deyişmələr, müxəmməslər, xatirə-rəvayətlər və aşığa həsr olunan şeirlər toplanıb.