Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
22 Fevral , 2023
Fevralın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanası və Xətai rayon R.Məmmədov adına 269 saylı tam orta məktəblə birgə 21 fevral Beynəlxalq Ana dili günü ilə əlaqədar “ Ana dili milli varlığımızın aynasıdır" başlığı altında tədbir təşkil edildi.
Tədbirdə Xətai rayon MKS-nin əməkdaşları, Xətai rayon 269 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, "Green Start Academy" adlı İctimai təşkilatın həmtəsisisçisi, Məktəb-Sevgi pedoqogikası layihəsinin rəhbəri, filoloq və pedoqoqu Aysel Rəsulzadə iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı
Daha sonra tədbir Ana dili gününə həsr olunmuş videoçarx ilə davam etdi.
Tədbiri giriş sözü ilə başlayan Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri Təranə Quliyeva açaraq, iştirakçıları salamladı və Ana dili günü haqqında məlumat verdi. O, qeyd etdi ki, “Birləşmiş Millətlər Təşkilatının 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü əsasında belə bir qərar qəbul etməsi ötən əsrin ortalarında Pakistanda benqal dilinin sıxışdırılması zəminində baş verən hadisələrlə bağlı olub. Beləliklə, BMT-nin ali mədəniyyət qurumu olan UNESCO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunub. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır. 2003-cü ilin yanvar ayının 2-də isə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Qanun qüvvəyə minib, qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərilib. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.
Məruzəçi "Green Start Academy" adlı İctimai təşkilatın həmtəsisisçisi, Məktəb-Sevgi pedoqogikası layihəsinin rəhbəri, filoloq və pedoqoqu Aysel Rəsulzadə çıxışında vurğuladı ki, bu gün Ana dilimizi sevə-sevə öyrədənlərin günüdür, biz həmişə dilimizin gözəlliklərini saflığını şagirdlərimizə çatdırıb onlara sevdiririk. Bu gün bizim tədris proqramında dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar var. Lakin biz yalnız proqramla kifayətlənmirik, əli silahlı əsgər kimi, qanımızla canımızla dilimizi təlim tərbiyə prosesinin hər anında sevdiririk.
İbtidai sinif müəlliməsi Günay Muradova öz çıxışında qeyd etdi ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında, dünyagörüşünün genişlənməsində, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Sonra məktəblilərin ifasında Ana dilimizə həsr olunmuş Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Teyyub Qurbanın “Ana dilim”, Süleyman Rüstəmin “Dilimə dəymə”, “Ana dilim” şeirləri, “Ey vətən”, “Şirin dil”, “Ana dili”, “Azərbaycan Diyarı”, “Bu gözəl vətən bizimdir” adlı mahnılar səsləndirmişdilər.
Məktəbin direktoru Aygün Əliyeva qonaqları bu gün münasibətilə təbrik etdi və bildirdi ki, bu dil bizim ruhumuzun hər hissinin, həm sevincinin, həm də kədərinin tərcümanıdır. Bu dil tariximizə salınan körpüdür. Bayatının, dili yüyrək olan nağılların, Dədə Qorqudun boy boylayıb, soy soyladığı dastanın dilidir. Xətayimizin zirvələrə yüksəltdiyi, hər sözündə, cümləsində ulu əcdadlarımızın hay-harayı duyulan dildir. Bu gün dilimizin öz günüdür, söz günüdür. Əziz şagirdlər, dilimizi uca tutun, onda olan hər sözün qədrini bilin, ona dəyər verin .
Sonda təşkil olunmuş sərgiyə baxış keçirildi
Foto Qalereya