Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
2 May , 2015

Mayın 1-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə Mədəniyyət Mərkəzində görkəmli aktyor, rejissor və unudulmaz sənətkar Adil İsgəndərovun 105 illik yubileyi ilə bağlı tədbir keçirildi. 

Yubiley tədbirinin açılışı böyük sənətkarın iştirak etdiyi kino filmlərdən hazırlanmış kadrların nümayişi ilə başladı. 

Yubiley gecəsində qonaq qismində iştirak edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru əməkdar artist Mirzə Ağabəyov və aktyor, parodiya ustası İlham Əzizov Adil İsgəndərovun həyat və yaradıcılığı haqqında qonaqlara ətraflı məlumat verdilər.

Qeyd etdilər ki, Adil İsgəndərov kimi şəxsiyyəti və sənəti gözəl olan dühalar Azərbaycan mədəniyyət və incəsənət tarixində əbədi yaşar, silinməz izlər qoyaraq, qədir bilən sənətə yüksək qiymət verən, Azərbaycan xalqı və dövləti tərəfindən heç vaxt unudulmurlar.

Adil İsgəndərov haqqında danışarkən nəzərə çatdırıldı ki, uzun illər keçməsinə baxmayaraq aktyorun yaratdığı obrazlar indi də sevə-sevə baxılır, xalqın dilində onun işlətdiyi frazalar səslənir. 

Tədbirdə Mədəniyyət Mərkəzinin dram dərnəyinin üzvlərinin ifasında “Axırıncı aşırım” bədii filmindən epizod göstərildi. 

Dərnək üzvlərinin çıxışları böyük alqışla qarşılandı. Mədəniyyət Mərkəzinin “Odlar yurdu” rəqs kollektivinin çıxışı, 24 saylı musiqi məktəbinin şagirdlərinin muğam ifaları isə tədbirə xüsusi bir rəng qatdı.

Tədbiri keçirməkdə məqsəd Adil İsgəndərov kimi böyük dühaların bir daha yad edilməsi bu dahi aktyor və rejissorun Azərbaycan mədəniyyət və incəsənətinə bəxş etdiyi qiymətli kino və teatr xəzinəsinə nəzər salmaq idi.