Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
9 İyun , 2015

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 

15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günü– Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi . Bu dövr Azərbaycan üçün çətin və keşməkeşli bir dövr idi. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

15 İyun Milli Qurtuluş günü ilə əlaqədar olaraq hər il Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu ildə 10-11 iyun tarixlərində əlamətdar gün Bakının 12 rayonunda maraqlı tədbirlərlə qeyd olunacaq.