Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Bakı 2015 Avropa Oyunları
8 İyun , 2015
Ölkənin 60 bölgəsinə səfər etmiş Bakı 2015-in Alovu Azərbaycan paytaxtının sakinlərini də birinci Avropa Oyunlarının həyəcanına cəlb edir.

Bakı 2015-in alov səyahətinin paytaxtda növbəti ünvanları Avropa Oyunlarının idman obyektləri oldu. Bu gün, iyunun 8-də məşəl 18 idman obyektindən 9-nu gəzdi.

Alov səyahətinin BMX Veloparkında keçən anlarının bələdçisi məşəlçi, “Nə? Harada? Nə vaxt? intellektual oyunları üzrə dünya çempionu Balaş Qasımov oldu. BMX yarış meydançası 1197 nəfərlik tamaşaçı tutumuna malik və maneəli zolaqlarının sahəsi 6700 m2-dir. Yarışlar iyunun 26-dan başlayaraq 3 gün keçiriləcək və 20 ölkənin 48 idmançısı 2 medal dəsti uğrunda mübarizə aparacaq. Dağ velosipedi veloparkı ilə tanışlığın bələdçisi isə məşəlçi, gənc fəal Seymur Orucov oldu.

Məşəl estafeti komandası sinxron üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri Tatyana Nikitina və Yekaterina Valiulinanın iştirakı ilə Bakı Su İdmanı Sarayına yürüş etdilər. Üç yarış hovuzundan ibarət, eyni anda, 6 mindən çox tamaşaçının yarışları izləyə biləcəyi Bakı Su İdmanı Sarayı 50 və 25 metrlik, həmçinin 1, 3, 5, 7.5 və 10 metrlik beşpilləli platforması olan suyatullanma hovuzlarından ibarətdir. 14 gün ərzində sinxron üzgüçülük, suyatullanma və üzgüçülük yarışlarında 800-dən çox idmançı qüvvəsini sınayacaq.

Məşəlçi veteran basketbolçu Elxan Əliyev estafeti karvanını Basketbol arenası ilə tanış etdi. Ərazisi 18 hektar olan Avropa Oyunları Parkında müvəqqəti tikililərindən olan 1843 tamaşaçı tutumuna malik Basketbol arenasında 3x3 basketbolu üzrə (23-26 iyun) 128 idmançı mübarizə aparacaq. Ümumiyyətlə, parkda su polosu, çimərlik voleybolu, çimərlik futbolu yarışları da keçiriləcək.

Bilgəh çimərliyinə səyahətin bələdçisi «Bakılı oğlanlar» komandası ilə Şən və Hazırcavablar Klubunun çempionu olmuş məşəlçi Tahir İmanov oldu. Çimərlik iyunun 13-14-də triatlon və ayın 18-də isə vaxt təqibetmə yürüşü ilə şosse velosipedi yarışlarını qəbul edəcək.

Güləşçi Mariya Stadnikin məşəlçisi olduğu estafetçilərin daha bir tanışlığı Heydər Əliyev adına İdman Arenası ilə oldu. Təkcə müstəqillik dövründə müxtəlif idman növləri üzrə 30-dan çox mötəbər yarışa ev sahibliyi etmiş arena, yenidən qurulduqdan sonra, 7682 nəfər tamaşaçı tutumu ilə cüdo, sambo və güləş yarışlarını qəbul edəcək.

Məşəlçi, bədii gimnastika komandamızın lideri Marina Durundanın öncüllüyü ilə Milli Gimnastika Arenası da ziyarət olundu. İlk mötəbər yarışı bədii gimnastların Avropa çempionatı olmuş arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5407-dən 10 minə qədər artırmaq mümkündür. Burada idman gimnastikası (14-15, 18 və 20 iyun), bədii gimnastika (17 və 19 iyun), tramplin, aerobika və akrobatika (hər üçü - 17, 19 və 21 iyun) üzrə yarışlar keçiriləcək.

Fəal gənc Şahin Seyidzadə Tofiq Bəhramov adına Respublika Stadionuna səfərin məşəlçisi oldu. Dünyada ən tanınmış futbol hakimlərindən birinin adını daşıyan və yenidən qurulmuş 31 min 200 tamaşaçı tutumuna malik arena FİFA U-17 futbolçu qızların və hərbçi futbolçuların dünya çempionatlarının final mərhələlərinə ev sahibliyi edib.

Boks üzrə dünya çempionu, olimpiya oyunlarının bürünc medalçısı Məhəmmədrəsul Məcidovun iştirakı ilə alov səyahəti komandası Bakı Kristal Zalında da oldu. Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində istifadəyə verilmiş möhtəşəm Bakı Kristal Zalı 25 min tamaşaçı tutumuna malikdir. Arena voleybol üzrə qadın klubların Avropa Çempionlar Liqasının «Dördlər finalı», “V1 Challenge Azerbaijan” yarışı və s. nəhəng idman tədbirlərinə də ev sahibliyi edib.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru cənab Azad Rəhimov dedi: “Birinci Avropa Oyunlarının ən vacib məqamlarından biri onun ev sahibi şəhər üçün qoyacağı irsdir. Alov səyahətinin bugünkü hissəsi yeni tikilmiş və əsaslı təmir olunmuş arenaların bir qismində keçirildi. Bu arenaların hər biri gələcək nəsillərin ən müasir idman obyektlərindən faydalanmasına, həmçinin, Azərbaycanda idmanın elit növlərinin inkişafına yaradılmış şərait deməkdir”.