Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Bakı 2015 Avropa Oyunları
13 İyun , 2015

Açılış öncəsi müğənni Elnur Hüseynov səhnəyə çıxıb. Ardıyca aparıcılar Murad Dadaşov və Hüsniyyə Məhərrəmova səhnəyə Dövlət Rəqs Ansamblının üzvlərini dəvət edib. 

Ən maraqlı məqam isə ağ milli geyimdə olan rəqqasələrin "Sarı gəlin"i rəqs etməsi olub.

Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşiblər. 

İki dəfə paralimpiya oyunları çempionu, iki dəfə dünya çempionu, beş dəfə Avropa çempionu İlham Zəkiyev Jan Sibeliusun “5-ci Simfoniya”sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirir. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayır. Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünür. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırır.

Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürür və onun yerində çökəklik yaranır. İlham Zəkiyev tərəfindən çökəkliyə yaxınlaşdırılan məşəl sönür, çökəklik dolur. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladır.

Stadionun ortasından qaya parçası qaldırılır və gələcəkdə görüləcək işlərə işıq salmaq üçün birinci məşəl torpağa basdırılır.

Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf sürünür, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirir, oyadır. Həmin adam şair Nizamidir. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru var. Nizami poeziyasının ruhundan doğan musiqi parçası tamaşaçıları şairin xəyal dünyasına aparır. Nəzərlər stadionun mərkəzində havadan asılmış iri tərəziyə yönəlir. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanır. Qadın fiqur gümüş lövhənin (Ay), kişi fiquru isə qızıl lövhənin (Günəş) üzərində rəqs edir. Onlar Leyli və Məcnunu rəmzləşdirir. Onlar dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirlər.

İdmançıların paradı başlayır. Bu mərasim 50 təbilçinin çaldığı gurultulu təbil sədaları ilə müşayiət olunur. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil olurlar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəlirlər.

Idmançıların keçidini ev sahibi - Azərbaycan idmançıları tamamlayır. Ölkəmiz Oyunlarda 291 idmançı ilə təmsil olunur. Onların keçidi Mənsum İbrahimovun ifasında “Qarabağ şikəstəsi” muğamı ilə müşayiət olunur. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva idmançılarımızı hərarətlə salamlayırlar. Həmin an Alim Qasımovun ifasında "Qarabağ şikəstəsi" səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan edir.

Stadionun ətrafında atəşfəşanlıq başlanır.

Stadionun işıqları söndürülür. Qaranlıqda muğam avazı üstündə tənha bir səs eşidilir. Bu, mərasimin əvvəlində dinlədiyimiz ifaçı Alim Qasımovun səsidir. İndi o havada uçan xalça üzərində görünür.

Çat-çat olmuş torpaq üzərinə bir qadın dolaşır. Onun əlində yazın gəlişini bildirən, Novruzun rəmzi olan səməni var. Ayaqları altında isə ot və bu yerlərdə bitən gül-çiçəklər cücərir. Xəfif meh uzun, şəffaf duvağını yellədir. Qadın səhnənin ortasına çatdıqda qabı birinci Avropa Oyunlarının məşəlinin basdırıldığı yerə qoyur. Yerdən su çıxmağa başlayır, qadının qarşısında nəhəng su hövzəsi – Xəzər dənizinin rəmzi canlanır. O, suda ahəstə gəzişir. Sonra çevrilib arxasında yaranmış mənzərəyə baxır.

Bu vaxt yerdən üst-başı toz-torpaqlı, palçıqlı 100 kişi çıxır. Onlar 50 nağaraçalanın səsləndirdiyi ahənglə ayaqlarını yerə vuraraq ritualı xatırladan Azərbaycan milli rəqsini ifa edirlər. Rəqsin ən qızğın anında sanki zəlzələ baş verirmiş kimi yer yarılmağa və qabarmağa başlayır. Yerdən iri qaya parçaları çıxır və birləşərək nəhəng dağa çevrilir. Onun kənarlarında alovla yazılmış sadə insan və heyvan fiqurları, qayıqlar görünür. Bunlar Qobustanın qədim qayaüstü təsvirləridir.

Torpağın yarıqlarından çıxan kişi dağın zirvəsində görünür. Sükutu balabanda ifa olunan Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sədaları pozur. Kişinin ayağı altında yanan daşı götürür. Bu səhnələr Fikrət Əmirovun “Min bir gecə” baletinin uvertürası ilə müşayiət olunur.

Kişi əlində yanan daş qarşıda – Xəzər dənizinin sahilində dayanmış qadına baxır və ona tərəf gedir. Qadının arxasındakı parıldayan dairəvi qara lövhə yavaş-yavaş suyun üzərindən qalxaraq, Ay kimi göyə ucalır. Dağ yavaş-yavaş yerə enir və yerə batıb yoxa çıxır. Onlar açılış mərasiminin əvvəlində təsvir olunan Leyli və Məcnunu xatırladır. Yolda o, daşı daha iki dəfə yerə qoyur. Onun arxasınca çatlardan çıxaraq yayılan alov dilimləri yerdə nəhəng insan fiqurunun təsvirinə çevrilir. Bu, nəhəng petroqlif formasına düşmüş lava axınlarına, Yanardağın heç vaxt sönməyən alovlarına bənzəyir. Petroqlif get-gedə daha dolğun insan təsvirinə çevrilir.

Kişi yaratdığı alovlu mənzərəyə baxır. Qadın ona yetişmək üçün sulardan üzüb keçir. Yanan daşı qaldırır, alov axınları nəhəng qan-damar sistemi təsvirindəki əl-ayaqlardan başa doğru sürətlə sovrulub başda yox olur. Kişi və qadın birlikdə yanan daşı tutub göyə qalxan dairəvi lövhəyə tərəf qaçmağa başlayırlar. Onlar dayaz sulara atılır və daşı parıldayan qara dairəvi lövhəyə tərəf tullayırlar. Yanan daş lövhənin ortasına dəyib, onu parçalayır. Lövhənin salamat qalmış halqası daşın odundan alışıb alov dairəsinə çevrilir.

Beləliklə birinci Avropa Oyunlarının məşəli alovlanır. Yanan lövhə Yer, Günəş və Ayın bir araya gəldiyi möhtəşəm kosmik mənzərəni – tam Günəş tutulmasını xatırladır. Bu birlik və sülh rəmzi stadiondan səmaya ucalır. Günəş tutulmasında Günəş və Ay birləşdiyi kimi, cütlüyümüz də birləşir və ayrılmaz olur.

Bundan sonra səhnədəki mənzərə tamaşaçını Bakı sahilinə aparır və qarşımızda Xəzər dənizi üzərində tədricən yaranan şaquli alov dairəsi canlanır və atəşfəşanlıq başlayır.

Rəngbərəng fişənglər Xəzərin və Bakı Olimpiya Stadionunun üzərində səmanı bəzəyir və möhtəşəm bayram mənzərəsi yaradır.

Məşəl Oyunlar bitənədək yanacaq, şəhərimizin mayakı olacaq.

Atəşfəşanlığın qızğın vaxtında ifaçılar səhnə boyunca düzülürlər. Onlar əl-ələ verib Azərbaycan milli rəqsi “Yallı” oynayırlar. Şişirdilmiş 20 min “nar dənəsi” tamaşaçıların üzərinə dağılır. Bu nar dənələri sevgi nişanəsi, uğurun mücəssəməsi və Azərbaycanın rəmzidir.