Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Doğma Azərbaycanım
11 Avqust , 2015

Qax rayonu ölkəmizin turizmin inkişafı üçün geniş imkanlara malik fauna və florası ilə seçilən, mineral xammal ehtiyatlarına, əlverişli iqlim şəraitinə malik rayonlarındandır. Rayonun mülayim və saf dağ iqlimi, zəngin mineral şəfa bulaqları, əsrarəngiz təbiəti, şəlalələri, düzənlik və dağ meşələri, çayları burada turizmin inkişafı, ilboyu fəaliyyət göstərən istirahət və turizm mərkəzlərinin yaradılması üçün çox əlverişlidir. Qədim tarixə və mədəniyyətə malik bu diyarın hər bir guşəsi turistlər üçün əsl istirahət məkanıdır.

Hazırda rayonda bir mehmanxana, “Şəfa” istirahət və müalicə pansionatı, “İlisu” pansionatı, “Yaşıl park”, “Ulu dağ”, “Ulu”, “İmproteks” turizm və istirahət mərkəzləri, “Qafqaz” və “Eden park” mehmanxanaları turistlərə xidmət göstərir. Bu mərkəzlərin hər biri dövlət qeydiyyatından keçərək lisenziya almışdır. Turizm obyektlərində yerlərin sayı artaraq 494-ə çatmışdır. Bu yerlərdən 78-i lüks, 56-ı birinci dərəcəli, 138-i isə turist dərəcəli nömrələrdir.

Rayonda kənd yaşıl, müalicə, istirahət turizmi daha geniş yayılmışdır. Bunlardan daha çox inkişaf etmiş kənd yaşıl turizmi əsasən yerli turistlərin istifadə etdiyi turizm növüdür. Rayonda həmçinin, mövsümi ovçuluq, atçılıq, dağ, qış və digər turizm növlərinin inkişaf etdirilməsi üçün də münbit şərait vardır.

Qax rayonunda turizmin bu növü - kənd yaşıl turizmi artıq öz təsdiqini tapmışdır. Sadə kənd evlərində istirahət etmək istəyənlərin sayı ildən-ilə artır. Bu turizm növünün inkişafı həm də onlarla, yüzlərlə ailənin sosial-iqtisadi cəhətdən güclənməsinə gətirib çıxarır. İlisu, Ağçay, Qaşqaçay, Çinarlı, Qum kəndlərində hazırda bu turizm növündən onlarla ailə yararlanır.

Rayonun təbii sərvətləri, zəngin fauna və florası burada ekoturizmin inkişafına da böyük təkan vermişdir. Qaxda xüsusilə dağ, qış və piyada turizmi inkişaf etməkdədir. Bundan əlavə, Qax rayonu kurort sərvətləri cəhətdən də çox zəngindir. Lakin bu imkanlardan o qədər də geniş istifadə olunmur. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının yaradılmasını zəruri edir. İlisu və Sarıbaş kəndlərində yer üzünə çıxan termal bulaqlar qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. İlisu kəndindən xeyli aralıda, Hamam çayı sahilindəki Oğlan bulaq, Qız bulaq və hamam adlanan hovuzlar oraya gedən yüzlərlə xəstəyə şəfa bəxş edirdi. 

Əksər hallarda bu bulaqların suyu hədər yerə axıb gedirdi. Sevindirici haldır ki, bu yaxınlarda həmin bulaqların suyu borularla “Ulu dağ” istirahət mərkəzinə gətirilmişdir. Müalicə məqsədi ilə sudan istifadə üçün artıq uzun və üzücü yolu qət etmək lazım gəlmir. Xəstələr hər cür şəraiti olan rahat otaqlarda bu müalicəvi sudan istifadə etməyə başlamışlar.