Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
20 Avqust , 2015

Həyatı

Niyazi Zülfüqar oğlu Tağızadə – Hacıbəyov 1912-ci ildə avqustun 20-də Tbilisi şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olmuşdur. Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə də musiqiyə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad(indiki Sankt-Peterburq) şəhərlərinə gedir. Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat etmişdir.

"Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistanyazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir.

Gənclik illəri: ağır atletika və hərbçilik

Uşaq ikən hərbçi olmağa hazırlaşırdı, kadet məktəbində dərs alırdı. Yaxşı futbol hakimliyi, təyyarə idmanına marağı vardı. Niyazi “Dinamo” cəmiyyətinin ağır atletika üzrə birinciliklərində dəfələrlə iştirak edib. 16-18 yaşlarında 56 kq çəki dərəcəsində bir neçə dəfə Bakı və Azərbaycan çempionu, medalçısı olmuş Maestro, həm də bir neçə ölkə rekordçunu vurmuşdu. Sonradan konservatoriyaya daxil olan və diqqətini əsasən musiqiyə yönəldən Maestro, buna baxmayaraq idmandan soyumayıb. Bu illərdə idman sevgisinin musiqidən heç də az olmadığını sübut edən görkəmli ictimai xadimimiz, onu tanıyanlar arasında böyük rəğbət hissi oyadıb. Niyazi II dünya müharibəsindən sonra - 1946-60-cı illərdə Azərbaycanın Ağır Atletika Federasiyasına da rəhbərlik edib. O vaxtlar bu qurum başqa cür adlanırdı – Azərbaycan SSRİ İdman Nazirliyinin nəzdində ağır atletika şöbəsinin sədri. Uzun müddət bu postu tutan Maestro bir çox idmançıların yetişməsi, onların ittifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək etmişdir. Bütün bunlar onun bu idman növünə olan böyük sevgisindən xəbər verir. Amma bir çox ağrılar, şəxsi problemlər Maestroya bu işini davam etdirmək imkanı verməyib.

Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi xadimi, görkəmli mütəxəssis, ağır atletika üzrə dəfələrlə Azərbaycan və İttifaq çempionu, veteran idmançı və müəllim Mirzə Hüseynov Maestro Niyazini belə xatırlayır:

“O, biz uşaq olanda – təxminən 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Azərbaycan ağır atletikasına rəhbərlik etmişdi. Çox güclü, enerjili, eyni zamanda idmansevər bir insan idi. Az qala hər gün bizim məşqlərimizi izləyər, uğurlar qazanmağa ruhlandırardı. Səmimi adam idi. Mən uşaq olmağıma baxmayaraq bunu yaxşı xatırlayıram. O, özü uşaqlıqda ağır atletika il məşğul olmuş, şəhər və ölkə birincisi olmuşdu. Həm fiziki, həm də mənəvi cəhətdən güclü insan idi”. 

Musiqi yaradıcılığı

Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951 – 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbulOpera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir. 

Mükafatları

Niyazi 1967-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı olmuşdur. Niyazi məşhur hind filosofu R. Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazmışdır. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur.

1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuş, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Fəaliyyəti dövründə Niyazi 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın Kirill və Mefodi ordeni, Macarıstanın B. Bartok adına medalı ilə təltif edilmiş, 1982-ci ildə Tiflisin fəxri vətəndaşı seçilmişdir.

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.12.1972

Dirijorluq

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayevin "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu",Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. AzərbaycanDövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur. 

Mükafatlar

Avropa və Asiyanın bir sıra ölkələrində çoxlu sayda dirijor kimi müvəffəqiyyətli çıxışlarına görə 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülüb. Bundan başqa o, SSRİ Dövlət mükafatına və "Çitra" baletini yaratdığına görə Hindistanda Beynəlxalq Nehru mükafatına layiq görülüb.

Maestronun ev muzeyi

Görkəmli dirijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti 21 ünvandakı mənzildə yaşayıb. Muzeyin qapısından dəhlizə daxil olan hər kəsi Niyazinin şəkilləri qarşılayır. Maestronun əzəmətli heykəli də bu mənzildədir. Divarda Niyazinin yaradıcılığını, musiqi xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər, konsertlərinin nadir afişaları yer alıb.

Muzeyin açılışında Ümummilli lider Heydər Əliyevin xüsusi təşəbbüsü olmuşdur. 1994-cü il sentyabrın 18-də mənzil-muzey fəaliyyətə başlamışdır. Niyazinin musiqi festivallarında çıxışları, musiqi məktəblərində, hərbçilərlə və s. görüşləri fotoşəkillərdə əks olunubdur. Azərbaycan Dövlət Opera və Balet Teatrı tərəfindən muzeyə daxil olan “Xosrov və Şirin” operasının partiturası da muzey materiallarına daxildir. 5 otaqdan ibarət mənzil muzeyin qonaq otağının divarlarını Niyazi və Həcər xanımın portretləri ilə yanaşı Ejen Dlakruanın rəsm əsəri, İ.Kajvazovskinin “Dənizdə səhər” və naməlum rəssamın ”Güllər” əsəri bəzəyir. Kitab şkafında maestronun nadir kitabları qorunur.

Maestroya məxsus 279 material AMEA-nın Tarix Muzeyində saxlanılır. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində, Əlyazmalar İnstitutunda, Səsyazmaları Arxivində də maestronun həyat və fəaliyyətinə aid sənədlər qorunur.

Filmoqrafiya

  1. Almaz (film, 1936)(tammetrajlı bədii film)-bəstəkar
  2. Arazın o tayında (film, 1947)
  3. Arşın mal alan (film, 1945)
  4. Axşam konserti (film, 1948)
  5. Bəstəkar Müslüm Maqomayev (film, 1977)
  6. Bəxtiyar Vahabzadə (film, 2003)
  7. Bir məhəllədən iki nəfər (film, 1957)
  8. Bir qalanın sirri (film, 1959)
  9. Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
  10. Doğma xalqıma (film, 1954)
  11. Əsl dost (film, 1959)
  12. Fətəli xan (film, 1947)
  13. Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
  14. İyirminci bahar (film, 1940)
  15. Kəndlilər (film, 1939)
  16. Kölgələr sürünür (film, 1958)
  17. Liderlik missiyası. 1-ci hissə (film, 2008)
  18. Maestro (film, 2002)
  19. Maestro Niyazi (film, 1975)
  20. Maestro Niyazi (film, 1983)
  21. Maestro Niyazi (film, 2007)
  22. Mahnı belə yaranır (film, 1957)
  23. Matteo Falkone (film, 1960)
  24. Mədəniyyət salnaməsi. Əbülfət Əliyev (film, 2004)
  25. Nəğməkar torpaq (film, 1981)
  26. O qızı tapın (film, 1970)
  27. Ordenli Azərbaycan (film, 1938)
  28. Prima (film, 1992)
  29. Sehrli xalat (film, 1964)
  30. Tikdim ki, izim qala (film, 1997)
  31. Tikdim ki, izim qala. III film (film, 1998)
  32. Türk qadınının baharı (film, 1936)
  33. Uzaq sahillərdə (film, 1958)
  34. Üzeyir ömrü (film, 1981)
  35. Yaşasın Azərbaycan artistləri (film, 1938)
  36. Yeni horizont (film, 1940)