Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Doğma Azərbaycanım
25 Avqust , 2015

Respublikanın ən şimal-qərb hissəsində yerləşən Balakən rayonu qərbdə Gürcüstanla həmsərhəddir. “Balakən” sözünün hərfi mənası “kiçik kənd” deməkdir. Rayon ərazisinin təqribən yarısı dağlıq ərazidə, qalan hissəsi düzənlik ərazidə yerləşir. Rayonda çoxlu dağ çayları, Katex dağının yaxınlığında göl var. Rayonun şimalındakı dağlıq hissə soyuq iqlimə, düzənlik hissə mülayim iqlimə malikdir. Burada il üzrə orta rütubət səviyyəsi 41%, orta aylıq temperatur +13 С-dir. Rayonun şimal hissəsindəki meşəlik ərazidə əsasən - vələs, qızılağac, palıd, qoz, şabalıd, akasiya, kol bitkilərindən isə moruq, itburnu, əzgil bitir. Bu rayonda 30-dan çox dərman bitkisi yetişir. Zaqatala qoruğunun ərazisinin üçdə iki hissəsi Balakən rayonuna düşür.

Rayonda tarixi və memarlıq abidələri çoxdur: rayon mərkəzindən 18-19 km qərbdə IX-X əsrlərə aid alban kilsəsi, Qullar kəndində XII-XIII əsrlərə aid Pəri qalası, Balakən şəhərində XVII-XIX əsrlərə aid minarəsi 45 m hündürlüyündə olan məscid, Qubek qayasında dəmir dövrünün abidəsi olan Noxo mağarası, Mahamalar kəndindən 2 km qərbdə, dağın ətəyində yerləşən V-VIII əsrlərə aid yaşayış yerinin xarabaları və pir, Mahamalar kəndindən 1 km şimalda yerləşən bizim eradan əvvəl II-I əsrlərə aid edilən küp qəbirləri nekropolu, Qullar kəndində 1780-ci ildə tikilmiş məscid və yeraltı su anbarı, Mahamalar kəndində XIX əsrə aid qala və XVIII əsrə aid məscid, Katex kəndində XIV əsrə aid məscid, XVII əsrə aid düzbucaqlı qala və iki qədim məbəd, Tülü kəndində XIV əsrə aid türbə, İtitala kəndində 1910-cu ildə tikilmiş məscid, Hənifə kəndində XIV əsrə aid məbəd, Xalatala kəndində XVI əsrə aid məscid və Mazımçay kəndində XVI əsrə aid məbəd, Məklakan dağında orta əsrlərə aid şəhərgah və s. Diyarşünaslıq muzeyində tarixi-mədəni dəyərə malik əşyalar, ənənəvi sənətkarlıq məhsulları və digər eksponatlar nümayiş etdirilir. 

Rayonda ənənəvi xalq sənətləri - dulusçuluq, misgərlik, ağacdan naxışlı şəbəkə hazırlanması, ağac üzərində oyma və Azərbaycanda nadir peşə sayılan “tambur” tikişi - tünd fonda əlvan ipək sapla mürəkkəb, ecazkar naxışlar salınması kimi peşələr yaxşı inkişaf etmişdir.

Balakən çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik (əsasən qərzəkli meyvəçilik) daha çox inkişaf edib. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları var.

Balakənin özünəməxsus milli mətbəxi var. Sac üzərində bişirilən günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması adlanır), ət, şor, qabaq (boranı) xəngəlləri, ət, şor, gicitgən, qabaq qutabları (yerli dialektdə xitəb adlanır), soğança, boş xəngəl ancaq balakənli qadınlar tərəfindən ustalıqla hazırlanıb bişirilir.

Xörəklərin bir çoxunun hazırlanmasında mədəni şəkildə becərilən yerli ədvadan (ətotudan) geniş istifadə olunur. Rayonda dağ yamaclarında bitən xüsusi növ kəkotundan (xinçi adlanır), təzə və qurudulmuş cökə çiçəklərindən dəmlənən çay soyuqdəymə, zökəm, baş ağrıları, ümumhalsızlıq kimi xoşagəlməz fəsadları aradan qaldırmaqda əvəzsiz vasitələrdir.

Rayonun inzibati mərkəzi Balakən şəhəridir. Burada sahəsi 7,5 hektar olan park var.