Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Rayon haqqında
12 Oktyabr , 2015

Uzun illərdir Azərbaycanın qədim bölgələrində aparılan və bu gün də davam etdirilən arxeoloji qazıntılar sirli tariximizin maraqlı səhifələrini açaraq dünyaya nümayiş etdirir. Arxeoloji araşdırmalar genişləndikcə xalqımızın tarixi ilə bağlı yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilir. 

Ötən yazılarımızda Gəncə-Qazax bölgəsinin ən böyük arxeoloji abidələrindən olan Göytəpə qədim yaşayış yerinə və Azərbaycanın şəhərsalma tarixinin nadir nümunələrindən olan qədim Şabran şəhər qalıqlarına səfər təəssüratımızı, orada çalışan mütəxəssislərin fikirlərini oxuculara çatdırmışdıq. 
Budəfəki səfərimizin ünvanı isə qədim Azərbaycan dövlətinin - Qafqaz Albaniyasının doqquz əsr paytaxtı olmuş Qəbələdir. 

Qədim dünyanın şəhərləri sırasında

Qədim Qəbələnin bu günə gəlib çatmış qala divarları indi də öz möhtəşəmliyi ilə tarixi keçmişindən xəbər verir. Rayon mərkəzindən 20 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ kəndinin şimal-şərq hissəsində Corlu və Qara çaylarının suayrıcında yerləşmiş Qəbələ şəhəri mühüm siyasi, iqtisadi və ticarət mərkəzi kimi antik dünyanın Babil, Troya, Pompey, Karfagen və digər mühüm şəhərləri ilə müqayisə olunur. Burada aparılan çoxillik arxeoloji tədqiqatlar nəticəsində həmin dövrə aid böyük binaların, qala divarlarının qalıqları, istehsal və sənətkarlıqla bağlı maddi-mədəniyyət abidələri aşkara çıxarılıb. 2400 illik tarixi olan, qədim İpək yolunun üzərində yerləşən Qəbələ şəhərinin adı eramızın I əsrində yaşamış Roma alimi Böyük Plininin “Təbii tarix” əsərində “Kabalaka” adlandırılıb. Yunan coğrafiyaşünası Ptolemey Qəbələni Xabala, ərəb tarixçisi Bəlazuri isə Xəzər kimi təqdim edib. İlk dəfə Azərbaycan alimi Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində Kabala və ya Xabalanın Qəbələ olduğunu göstərib.
Rayonun Çuxur Qəbələ kəndinin ərazisində yerləşən qədim Qəbələ şəhərinin xarabalığında ötən əsrin 50-ci illərindən etibarən aparılan əsaslı arxeoloji tədqiqatlar respublikadakı məlum böhranlı vəziyyətlə bağlı 1990-cı ildə dayandırılıb. 2005-ci ildə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun iki qrupdan ibarət Qəbələ arxeoloji ekspedisiyası yenidən şəhərin antik və orta əsrlərə aid ərazilərində tədqiqatlara başlayıb. 

Tədqiqatlar Qafqaz Albaniyası tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor, Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri İlyas Babayevin rəhbərliyi ilə qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Arxeoloqun sözlərinə görə, tədqiqat işləri zamanı hər il yeni maddi-mədəniyyət nümunələri aşkar edilir: "Bu yay apardığımız qazıntılar zamanı qədim Qafqaz Albaniyasına məxsus taxıl anbarları, ilk dəmir dövrünə aid materiallar və kurqanlar, eləcə də qədim insanların məişət həyatını əks etdirən saxsı və şüşə qablar, mis pullar, ox ucluqları, sümükdən və şüşədən hazırlanmış bəzək əşyaları aşkarlandı. Yeni eksponatlar Qəbələ Arxeoloji Mərkəzində ən müasir texnologiyalarla təchiz edilən laboratoriyalarda bərpa olunduqdan sonra ekspozisiya zalına yerləşdiriləcək".
İlyas Babayev deyir ki, Qəbələ şəhərinin ərazisində arxeoloji qazıntılar 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə, 1959-cu ildən isə ardıcıl şəkildə aparılıb. Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illər Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) gördüyü işlər mühüm yer tutur. Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin yeni səhifələri ortaya çıxıb: "Qazıntılar nəticəsində müəyyən olunub ki, Qəbələ bir şəhər kimi e.ə. IV əsrdə, yəni adı yazılı mənbələrdə çəkiləndən ən azı 400 il əvvəl yaranıb. O zamandan da şəhər müdafiə divarları ilə möhkəmləndirilib. Qaraçay və Qoçalan çayları arasında yerləşən Qədim Qəbələ şəhərinin qalıqları Qala, Səlbir və Çaqqallı adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Sahəsi 50 hektar olan Çaqqallı ərazisində aparılan tədqiqatlar nəticəsində e. ə. IV əsrdən başlayaraq eramızın I əsrinin sonlarınadək orada intensiv şəhər həyatı olduğu sübuta yetirilib. Şəhərin Səlbir adlanan hissəsində (ərazisi təqribən 13 hektardır) I-X əsrlərə, Qalada (ərazisi təqribən 12 hektar) isə IXVII əsrlərə aid zəngin mədəni təbəqə aşkar edilib. Çaqqallı ərazisində şəhər həyatı kəsildikdən sonra Səlbir və Qalada həyat başlanıb. X əsrdən etibarən isə şəhərin ancaq Qala hissəsində həyat davam edib". 
Arxeoloqun fikrincə, Albaniyanın qədim paytaxtının tarixinə dair bir sıra ümumiləşdirici əsərlər və çoxsaylı elmi məqalələr nəşr edilsə də, Qəbələ tarixinin öyrənilməmiş səhifələri çoxdur. Məsələn, paytaxtın hansı zərurət ucbatından Qəbələdən Bərdəyə köçürülməsi dəqiq aydın deyil. Tarixçilər bunu Sasanilərin 461-ci ildə mərzbanlıq üsul-idarəsinin tətbiqi nəticəsində Bərdənin rolunun artması, Qəbələnin mövqeyinin isə zəifləməsi ilə əlaqələndirsələr də, aparılan arxeoloji qazıntılar bu arqumenti təkzib edir. Çünki müəyyən edilib ki, paytaxt Bərdəyə köçürüləndən sonra Qəbələdə daha intensiv şəhər həyatı olub. Şəhərin Qala və Səlbir hissələrində aşkar edilən ən möhtəşəm tikintilər, o cümlədən bu günədək öz əzəmətini qoruyub saxlayan qala divarları və bürclər də məhz V əsrdən sonrakı dövrə təsadüf edir.
Qəbələnin adının ilkin olaraq antik mənbələrdə xatırlanıldığı dövrdə Qala və Səlbir ərazisində möhtəşəm qala divarları ilə əhatələnən intensiv şəhər həyatı mövcud olub. 
İlyas Babayev son illərdə aparılan qazıntılar zamanı ərazidən tapılan 2 minə yaxın eksponat haqqında dövri hesabatların və tapıntı kitablarının nəşr olunduğunu qeyd etdi və əldə olunan son nəticələr əsasında da yeni kitabın hazırlanacağını bildirdi. 
2009-cu ildən etibarən Qəbələ ekspedisiyası beynəlxalq tərkibdə fəaliyyət göstərir. SEBA-nın təşəbbüsü ilə Koreya arxeoloqları Səlbir ərazisində tədqiqat işləri aparır. 
Hazırda antik şəhər yeri, Qala və Güllütəpə adlanan ərazilərdə Seul Milli Universitetinin arxeologiya və incəsənət tarixi kafedrasının müdiri Kim Congilin rəhbərlik etdiyi arxeoloji qrupun 6 üzvü və yerli mütəxəssislər birlikdə qazıntı işlərini davam etdirir. 
Qazıntılarla əlaqədar ildə bir neçə dəfə Azərbaycana səfər etdiyini deyən Kim Congil 6 ildir Səlbir ərazisində uğurlu tədqiqat işləri apardıqlarını söylədi. Onun sözlərinə görə, Qəbələdə aparılmaqda olan arxeoloji tədqiqatlar Albaniya tarixinin bir sıra məsələlərinin daha dərindən və əhatəli öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Koreyalı mütəxəssisin fikrincə, üzə çıxarılan çoxsaylı tikinti qalıqları və inşaat materialları Qəbələdə, ümumilikdə Azərbaycanın digər şəhərlərində şəhərsalmanın və memarlıq sənətinin inkişaf tarixini araşdırmaq üçün geniş imkanlar açır.

Qəbələ Arxeoloji Mərkəzi turistlərin maraq göstərdiyi məkandır

Qeyd edək ki, 2005-ci ildən bəri Qəbələdə aparılan ardıcıl arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri SEBA-nın dəstəyi ilə Çuxur Qəbələ kəndində tikilən üçmərtəbəli binada yerləşən Qəbələ Arxeoloji Mərkəzində saxlanılır. Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Qazıntılar zamanı əldə olunan 1500-ə yaxın eksponat sərgidə nümayiş etdirilir. Aşkar olunan yeni eksponatlar burada ən müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa olunduqdan sonra qonaqlara təqdim olunur. 
Burada həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərir. Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovanın sözlərinə görə, Qəbələ Arxeoloji Mərkəzi şəhərin tarixi keçmişini və bu gününü öyrənmək, qoruyub saxlayaraq gələcək nəslə çatdırmaq baxımından əvəzedilməz məkandır. Qəbələ Arxeoloji Mərkəzi eyni zamanda elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərir. 
Şöbə müdiri deyir ki, Qəbələ təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqazın mühüm turist marşrutu üzərində yerləşir. Bu sahənin imkanları və inkişaf perspektivi nəzərə alınaraq son illər Qəbələdə müasir beynəlxalq standartlara cavab verən geniş infrastruktur şəbəkəsi yaradılıb. Bunun nəticəsi olaraq Qəbələyə turist axını da güclənib: "Son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən Qəbələyə dünyanın müxtəlif ölkələrindən qonaqlar gəlir. Bu ilin 9 ayı ərzində rayonumuza 60 min nəfərə yaxın turist səfər edib. Qəbələ Arxeoloji Mərkəzi qonaqların ilk baş çəkdiyi məkanlardan biridir. Onlara burada rayonumuzun tarixi haqqında məlumatlar qazıntılar nəticəsində əldə olunmuş eksponatlar vasitəsilə çatdırılır. Əgər əvvəllər Qəbələ mətbəxi ilə turistlərin diqqət mərkəzində idisə, indi eyni zamanda 2400 illik tarixi olan qədim məkan kimi onların marağına səbəb olur".