Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Incəsənət
12 Oktyabr , 2015
Tarixin bütün dövrlərində Avropa ölkələrinin xalqları Azərbaycan mədəniyyətinə və incəsənətinə hörmətlə yanaşaraq bu mədəniyyətlə mübadilənin həyata keçirilməsinə böyük maraq göstəriblər. Zaman-zaman inkişaf edən əlaqələr genişlənib, müasir dövrümüzdə dünyaya inteqrasiya olunduğumuz dövrdə Azərbaycan milli-mənəvi dəyərlərinə, mədəniyyətinə, incəsənətinə, xalqın yaradıcı təfəkkürünün məhsulu olan nümunələrə olan diqqət artmaqda davam edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində  ölkəmizin bütün sahələrində olduğu kimi,  milli mədəniyyətimiz də uğurlu inkişaf dövrünü yaşamaqdadır. Eyni zamanda,  Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə   Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mədəniyyət tariximizə uğurlar həkk olur. Görülən işlərin nəticəsində Azərbaycan muğamı, Aşıq sənəti, Novruz bayramı və Tar ifaçılıq sənətinin və s. YUNESKO tərəfindən dünyanın şah əsərləri sırasına daxil edilməsi Azərbaycanın qədim tarixi kökləri, mədəniyyəti olduğunu təsdiqləyən faktordur. Azərbaycana məxsus maddi-mənəvi dəyərlərin sırasında ölkəmizin tarixini, milli mənşəyini, mədəniyyətini  və s. özündə ehtiva edən xalçaçılıq sənətinin dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasına - YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi də elə bu sənət növünün tarixinə, yüksək dəyərləndirilməsinə dəlalət edir.
 
İLMƏ-İLMƏ TOXUNAN  XALÇALARIN BEŞİYİ AZƏRBAYCANDIR
   
Əsrlərlə nəcib xanımlarımızın zərif əllərinin zəhməti ilə ilmə-ilmə toxunan xalçalarımız zəhmətin, təfəkkürün bəhrəsidir və əminliklə deyə bilərik ki, bu sənət növü dünyanın bir sıra ölkələrində yayılmış olsa da beşiyi Azərbaycandır. Burada toxunan, istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə tək qəbul olunaraq xalqımızın vizit kartına çevrilib və kökü, mənbəyi çox qədimləri əhatə edərək əfsanələşib. Hər bir xalçada Azərbaycanın bir naxışı, özəlliyi yaşayır desək, fikrimizdə yanılmarıq. Gəmiqayadan, Qobustandan, Kür-Araz mədəniyyətindən qaynaqlanan xalça sənətində rəmzlər dünyası yaşayır, deyirlər. Mənbələrə əsasən vurğulayaq ki, 1949-cu ildə aparılan arxeoloji axtarışlar zamanı Azərbaycan xalçasının yaşının 2500 il tarixi olduğu qeyd olunur və hələ tunc dövründən belə bu sənətlə məşğul olmuşlar. Ölkəmizdə xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat veriblər.Araşdırmalar əsasında məlum olub ki, Alban tarixçisi Musa Kalankatlı belə Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. "Kitabi-Dədə-Qorqud" dastanında, Nizami və Xaqaninin  əsərlərində xalçalar tərənnüm olunur.
Məlumdur ki, texniki xüsusiyyətlərinə görə seçilən Azərbaycan xalçalarının iki növü var: xovlu və xovsuz xalçalar. Coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə isə, şərti olaraq, 7 xalçaçılıq məktəbinə bölünür: Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz.
Tarixi dövrlərdə Azərbaycanın istənilən bölgəsində toxunan xalçalarımıza maraq olub və 1872-ci ildə Moskvada "Moskva- Politexnik" sərgisində və 1882-ci ildə "Ümumrusiya sənaye və incəsənət sərgisi"ndə nümayiş etdirilən xalçalar və xalça məmulatlarının ən yaxşı nümunələri qızıl və gümüş medallara layiq görülüb. Bu gün də xalçaçılıq sənətinin etalonu olan Azərbaycan xalçası dünyanın ən məşhur muzeylərində nümayiş olunur. Fondun təşkilatçılığı ilə Böyük Britaniya, Fransa, Rusiya və digər ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri çərçivəsində təşkil edilən xalça sərgiləri şöhrət qazanıb. Londonda Azərbaycan xalçalarının "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" adlı sərgisi də bu istiqamətdə görülən işlər sırasındadır. Burada nümayiş etdirilən Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdırıb. Azərbaycan xalçaları Ermitaj, Viktoriya və Albert, Tekstil, Luvr, Topqapı kimi dünyanın məşhur muzeylərini bəzəyir.
   
SONSUZ ƏLVANLIĞI, BƏŞƏRİLİYİ YAŞADAN AZƏRBAYCAN XALÇA SƏNƏTİ ELM SAHƏSİ KİMİ ÖYRƏNİLİR, ARAŞDIRILIR, TƏDQİQ EDİLİR
   
Bu gün yeni inkişaf dövrünü yaşayan Azərbaycan xalçası tədqiq edilir, tarixi, çeşidləri öyrənilir. Cənab İlham Əliyevin Sərəncamına əsasən inşa olunan Xalça Muzeyi Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına töhfəsini verir. Müasir tələblərə cavab verən muzeydə toplanılan nümunələr xalqımızın tarixini özündə ehtiva edir. Orijinal üslubda inşa olunan bükülmüş xalçanı xatırladan Xalça Muzeyinin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır ki, bu da bu sənət növünün müxtəlif dövrlərdəki inkişafını əks etdirir. Muzeydə Böyük Britaniyanın Viktoriya və Albert Muzeyində saxlanılan məşhur "Şeyx Səfi" xalçasının surəti, eləcə də XVII, XVIII, XIX və XX əsrlərdə toxunmuş məşhur kompozisiyalar da yer alıb. Son illər dövlətimiz tərəfindən xarici ölkələrdə saxlanılan Azərbaycan xalqına məxsus sərvətlərin geri qaytarılması məqsədilə görülən müvafiq tədbirlərin nəticəsi olaraq Xalça Muzeyinin kolleksiyası daha da zənginləşib. Belə ki, Cənab İlham Əliyevin "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" 07.12.2004-cü il tarixli qanun və həmin qanunun tətbiqi haqqında 07.02.2005-ci il tarixli Fərmanının 4.1.4 maddəsindəki "Xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılmasına şərait yaradılması" bəndinə əsasən muzeyi beynəlxalq aləmdə təbliğat işlərini davam etdirilir. Aparılan uğurlu işlərin məntiqi nəticəsi olaraq Şərq xalçası və tekstili üzrə Çikaqo (ABŞ) cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin kolleksiyasından iki ədəd Azərbaycan xalçası - "Əjdahalı" (Qarabağ, XVII əsrin sonu) və "Səlyan Xiləsi" (Şirvan, XIX əsr) muzeyə hədiyyə olunub. Bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsi deməkdir. 
Sonsuz əlvanlığı, bəşəriliyi yaşadan Azərbaycan xalça sənəti elm sahəsi kimi öyrənilir, araşdırılır, tədqiq edilir. Onun elm kimi öyrənilməsi, rəssamların yaradıcılığında müasir inkişafı xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. O, Azərbaycan xalçalarını tədqiq edərək, dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirib, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır.Onun çoxcildli "Azərbaycan xalçası" əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilib.
 Azərbaycanda xalçaçılığın inkişafı üçün görülən işlərin nəticəsi olaraq xalçaçılıq sənət və elm sahəsi kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də, incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir. Azərbaycan xalçaçılıq ənənələrini davam etdirən "Azər-İlmə" Azərbaycan xalçasının çoxəsrlik tarixini araşdıraraq tədqiq edir. "Azər-İlmə"nin kompleks axtarışlarının nəticəsi olaraq rus, ingilis dillərində "Azərbaycan xalçaları", "Azərbaycan xalçaları. Qarabağ qrupu", rus, ingilis, alman, fransız, ərəb dillərində "Azərbaycan xalçaları. İrəvan qrupu", "Azərbaycan xalçaları. Təbriz qrupu", "Azərbaycan xalçaları. Şirvan qrupu",  "Azərbaycan xalçaları. Naxçıvan qrupu", "Azərbaycan xalçaları. Gəncə qrupu" və s. işıq üzü görərək, dünya muzeylərinə və kitabxanalarına göndərilib.
   
AZƏRBAYCANI XALÇASIZ, XALÇANI İSƏ AZƏRBAYCANSIZ TƏSƏVVÜR ETMƏK QEYRİ-MÜMKÜNDÜR
   
Azərbaycan xalçalarının unudulmaqda olan çeşnilərini bərpa edərək, milli xalçalarımızın bədii ənənələrini yaşadan "Azər-İlmə"nin ekspedisiya qrupları ölkəmizin müxtəlif xalçaçılıq bölgələrində araşdırmaların davam etdirirlər. Azərbaycan, rus və ingilis dillərində ayrı-ayrılıqda Nyu-Yorkda, İstanbulda və Moskvada işıq üzü görmüş "Naxçıvan xalçaçıları" kataloq-kitabı da bu tarixi türk yurdunun qədim xalçaçılıq ənənələri, bu el sənətini yaşadan, yaradan və gələcək nəsillərə ərməğan edən xalçaçılar, dünya muzeylərində və kolleksiyalarında mühafizə olunan, indiyədək Azərbaycan ictimaiyyəti üçün naməlum olan Naxçıvanın xalça və xalça məmulatları haqqında məlumat verilmişdir.
Zaqafqaziyada analoqu olmayan "Azər-İlmə" tarixən qədim toxuculuq mərkəzləri Abşeronda, Qarabağda, Qazaxda, Qubada, Gəncədə, Lerikdə, Şirvanda, Şəkidə emalatxanaları fəaliyyət göstərir. Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında yundan və ipəkdən, yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli xalçalar istehsal edən "Azər-İlmə" "Uğur", Caspian Energy İnternational Award, "Kraliça Viktoriya adına eksklüziv" mükafatı və s. layiq görülüb.
Bütün bu uğurlarla yanaşı, bildiyimiz kimi, müasir həyatımızda Azərbaycan xalçasına qarşı güclü təbliğat aparılır. Azərbaycanın vizit kartına çevrilən dəyərləri adlarına çıxaraq dünya dövlətlərində tarixi keçmişlərini təsdiqləmək məqsədilə ermənilərə məxsus olduqlarının göstərməyə çalışırlar. Çox əfsuslar ki, ermənilər vaxtilə oğurlayıb, qaçaqçılıqla buradan apardıqları qədim xalçalarımızı əvvəllər Qafqaz xalçaları adı altında təqdim edirdilərsə, indi erməni xalçaları adı ilə tanıdırlar. Adlarına çıxardıqları xalçalarımıza həsr olunmuş onlarla veb sayt açıb, Azərbaycan xalçalarından bəhs edən kitabları belə öz adlarına çıxarıb erməni və xarici dillərdə nəşr edirlər. Ermənilər xalçaçılıqdan ideoloji və mənəvi silah kimi faydalanırlar.
Həqiqətən də, Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək qeyri-mümkündür.Bir gün Peyğəmbərdən (s.a.s) soruşurlar ki, dünyada ən ürəkaçan şey nədir? O isə belə cavablandırmışdır ki, ilk övladın yumşaq xalça üzərində gəzməsidir. Çox qəribədir ki, insan həyata ayaq açdığı ilk gündən belə yumşaq xalça üzərində hərəkət edir, dünyadan köçəndə də məhz xalça ilə yola salınır. Bunun çox maraqlı məqamları vardır. Azərbaycana qonaq gələn şəxsə təqdim olunan gözəl əşya xalçadır. Azərbaycandan qonaq gedərkən xarici dövlətlərə aparılıb ən dəyərli hədiyyə olaraq təqdim olunan da yenə də xalçadır. Belə bir fərqli milli sərvət - Azərbaycan xalçaları dünyada lazımi səviyyədə təqdim olunur.
Göründüyü kimi, dünya mədəniyyəti içərisində yeri olan Azərbaycan xalçası özünün məxsusi ornamentləri ilə fərqlənən sənət nümünəsidir. Odur ki, Azərbaycan xalçasının ənənələrini qorumaq, yaşatmaq və təbliğ etmək ümumxalq işidir.