Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Incəsənət
20 Oktyabr , 2015


Son illər muzeylərimizin elmi tədqiqat sahəsində fəaliyyəti xeyli genişlənib. Müstəqil bir elm sahəsi olaraq muzeyşünaslığın yaranması və müəyyən inkişaf yolu keçməsi bu işə xüsusi təkan verir. 

İndi muzey materiallarından istifadə edilməklə dissertasiyalar yazılır, kitablar, çoxsaylı məqalələr işıq üzü görür. “Qara Qarayev: həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında”, Sumqayıt Şəhərinin Tarixi Muzeyinin fond materiallarından istifadə olunmaqla ərsəyə gətirilən “Mədəniyyətin tərəqqi ünvanı - Sumqayıt” və digər nəşrlər qiymətli mənbə olaraq gələcək tədqiqatların aparılmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir. Bakı şəhərində fəaliyyət göstərən bir sıra xatirə muzeylərinin nəşrləri də işıq üzü görmüşdür. 
Bugünlərdə Prezident yanında Ali Attestasiya Komissiyası Xalça Muzeyinin baş mühafizi Mira Məmmədxanovanın sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi «Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas fəaliyyət istiqamətləri» mövzusunda dissertasiya işini təsdiq etmiş və iddiaçı bu elmi dərəcəyə layiq görülmüşdür (Qeyd edək ki, Azərbaycan Xalça Muzeyi əvvəllər dissertasiyanın mövzusunda olduğu kimi adlanırdı).
Hər bir xalq dünya mədəniyyətini öz töhfələri ilə zənginləşdirir və bütün bunlar bəşəriyyətin mədəni irsinə çevrilir, milli sərvət ümumbəşəri əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Eyni zamanda bu sənət ümumbəşəri əhəmiyyətə malikdir. Bu gün Azərbaycan xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. «Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında» qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalça Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir.
Azərbaycan xalça sənəti daim sənətşünasların diqqət mərkəzində olmuş, bu mövzuda elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyalar müdafiə edilmiş, monoqrafiyalar və çoxsaylı məqalələr nəşr edilmişdir. Xalça sənətimiz xarici tədqiqatçıların da diqqətini cəlb etmişdir. 
Bu gün ölkəmizdə xalçalarımızı toplayan, qoruyan, öyrənən və təbliğ edən bir məkan var. Bu məkan Azərbaycan Xalça Muzeyidir. Bu mədəniyyət ocağı ölkəmizin ən zəngin muzeylərindən biri olmaqla yanaşı eyni zamanda elmi-tədqiqat müəssisəsidir. Muzeydə fəaliyyət göstərdiyi 1967-ci ildən indiyədək xalça və xalça məmulatlarının, digər xalq tətbiqi sənəti nümunələrinin toplanması, qorunması, öyrənilməsi və təbliği sahəsində mühüm işlər görülmüşdür. 
Azərbaycan xalça sənətinə aid aparılmış araşdırmalarda muzeyin fəaliyyətinə müəyyən yer ayrılsa da, xalça sənətimizin qorunmasında, inkişafında və təbliğində mühüm rolu olan elm və mədəniyyət ocağının fəaliyyəti indiyədək xüsusi tədqiqat obyektinə çevrilməmişdir. Bu baxımdan Mira Məmmədxanovanın Azərbaycan Xalça Muzeyinin direktoru, tanınmış sənətşünas, professor Röya Tağıyevanın elmi rəhbərliyi ilə ərsəyə gətirdiyi tədqiqat işi maraq doğurur. 
Tədqiqat işində muzeyin xalçalarımızın və xalq tətbiqi sənəti nümunələrimizin toplanması, qorunması və təbliği ilə bağlı fəaliyyəti ilk dəfə olaraq sistemli şəkildə öyrənilmişdir. Müəllif tədqiqat işini muzeydə qorunan və təbliğ olunan müxtəlif xalça və xalça məmulatları, xalq tətbiqi sənəti nümunələri üzərində qurmuş, tədqiqatçıların diqqətindən kənarda qalmış bir sıra məsələlərə də münasibət bildirmişdir. Tədqiqat işi giriş, üç fəsil, nəticə və istifadə edilmiş elmi ədəbiyyat və internet mənbələrindən ibarətdir.
Birinci fəsil “Azərbaycan incəsənəti abidələrinin qorunması, öyrənilməsi və populyarlaşdırması işində muzeylərin rolu” adlanır. Bu fəsildə Azərbaycanda muzey işinin yaranması və əsas inkişaf mərhələləri tədqiq edilir. 
Xalça Muzeyinin formalaşması tarixi də bu fəsildə işıqlandırılmışdır. Göstərilir ki, muzeydə toplanmış əşyalar müxtəlif dövrləri əks etdirir. XII əsrə aid saxsı qablar, XIV əsrə aid bədii metal nümunələri, XVII əsrə aid xalça və xalça məlumatları, XIX əsrə aid bədii tikmələr, milli geyimlər muzey kolleksiyalarının qədimliyindən soraq verir. Xarici ölkələrdə Azərbaycan xalçalarından ibarət sərgilərin təşkili muzeyin fəaliyyətində mühüm yer tutur. 1983-cü ildə muzeyin bazasında "Şərq xalça sənəti" mövzusunda I beynəlxalq simpozium keçirilmişdir. Muzeyin bazasında 1988-ci ildə keçirilmiş II beynəlxalq simpozium Azərbaycan xalça sənətinə həsr olunmuşdur. Bu tədbirdə Azərbaycan xalçasının dünya xalqlarının mədəniyyətinə təsiri, qarşılıqlı mübadilə yolu ilə inkişafına aid məruzələr dinlənilmiş, xalça sənətinin öyrənilməsi səviyyəsi və gələcək inkişaf yollarının müəyyənləşdirilməsi məsələləri şərh olunmuşdur.
"Azərbaycan xalçası və xalq tətbiqi sənəti" mövzusunda III beynəlxalq simpozium 2003-cü ildə keçirilmişdir. Simpoziumda Azərbaycan xalça sənətinin yeni inkişaf mərhələsinə aid məsələlər araşdırılmışdır. Azərbaycan xalça sənətinə həsr olunmuş IV beynəlxalq simpozium 2007-ci ildə Parisdə, UNESCO-nun iqamətgahında keçirildi. «Azərbaycan xalçaları» sərgisi ilə müşayiət olunan simpozium görkəmli xalçaçı-rəssam və tədqiqatçı-alim Lətif Kərimovun 100 illik yubileyinə həsr olunmuşdu.
Əlbəttə, bütün bunlar adi faktlar deyil, muzeyin milli mədəniyyətimizin təbliğində mühüm rol oynamış tədbirləridir.
İkinci fəsildə muzeyin kolleksiyasında olan xovlu xalçaların motiv müxtəlifliyi, xovsuz xalçaların və xalça məmulatlarının bədii-üslub xüsusiyyətləri təhlil olunur. Qeyd edilir ki, Azərbaycan xalça sənəti zəngin ənənələrə malikdir və dekorativ həllin yüksək bədii üstün cəhətləri ilə, rənglərin mütənasibliyinin orijinallığı və rəsmin qrafikliyi və texniki ifasının yüksək mükəmməlliyi ilə fərqlənir. Muzey Azərbaycanda mövcud olan bütün xalçaçılıq məktəblərinə aid geniş çeşiddə ən müxtəlif xalçalara malikdir. Müəllif bu fəsildə müxtəlif bölgələri təmsil edən xalçaları ayrı-ayrılıqda təhlil edir, onların bənzər və fərqli cəhətlərinə diqqət yetirir.
Hazırda muzeydə müxtəlif xalçalar, milli ornamentli və xalq peşələri ilə bağlı süjetli xalça məmulatları, xovlu (xalça, xalı, dəst xalı, gəbə) və xovsuz (palaz, kilim, cecim, sumax, şəddə, vərni, zili), müxtəlif xalça məmulatları - xurcun, heybə, çul, məfrəş, yəhər qaşlığı kimi nadir əşyalar qayğı ilə qorunub saxlanılır və təbliğ edilir. Muzeydə saxlanılan ən qədim eksponatlardan biri milli ornamentli “Xilə-buta” xalçasıdır. Bu xalça X əsrdə Qarabağın xalçaçı qadınları tərəfindən toxunulub. Muzeyin fəxri olan ən qiymətli eksponatı, klassik Təbriz “Ovçuluq” xalçasının fraqmentidir. Bu xalça XVII əsrə aiddir və Azərbaycan xalça sənətinin “qızıl dövrünə” təsadüf edir. 
Üçüncü fəsildə muzeydə olan tekstil (parça, çəki, geyim) nümunələri təhlil olunur. Tədqiqatçı göstərir ki, muzeyin kolleksiyasında kifayət qədər milli geyim nümunələri vardır. Bu geyim dəstlərinə çəpkən, arxalıq, gödəkcə, kürdü, tuman, köynək kimi qadın üst geyim növləri, ipək örpəklər - kəlağayı, çarşab, papaq və araqçınlar daxildir.
Müəllifin fikrincə, Azərbaycan milli geyimləri xalqın tarixi ilə sıx əlaqəli olduğundan tarixi xüsusiyyətlərini də özündə əks etdirir. Milli geyimlərdə xalqın tarixi, etnoqrafiyası, maddi və mənəvi mədəniyyəti öz əksini tapır və məhz həmin xüsusiyyətlər geyim formalarında təzahür edir. Azərbaycan milli incəsənəti geyimin dekorativ naxış tikməsi ilə bəzənməsində, toxuculuq və toxunma işlərində özünü göstərir. Muzeyin kolleksiyasında gözəl naxış tikmə nümunələri vardır. Naxış tikmə sənəti növləri olan təkəlduz, qurama, doldurma, bafta, qaragöz kimi nümunələrlə təqdim olunur. 
Müəllif tədqiqat işində mövzunu sistemli şəkildə şərh edərək özündən əvvəlki araşdırmaları öyrənmiş, onların hər birinin rolunu və əhəmiyyətini müəyyənləşdirməyə çalışmış və bunların əsasında elmi iş yazmışdır. Müəllif öz araşdırmasında həm muzeyin zəngin kolleksiyalarına və Azərbaycan xalçalarına, həm də bu barədə mövcud tədqiqat işlərinə bələd olduğunu əyani şəkildə sübuta yetirir. Tədqiqat işi muzeyşünaslığa və sənətşünaslıq elminə layiqli töhfədir.