Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Rayon haqqında
7 Yanvar , 2016

                                                                             

Rayonun ərazisi 31,6 кvadrat kilometr (3160 hektar), Əhalisi 261.1 min (2012-ci il I yarım ilə olan məlumat) nəfərdir. Əhalinin sıxlığı 1 km 2-ə 8263 nəfər təşkil edir. Əhalinin ümumi sayının 49,0 faizini kişilər, 51,0 faizini qadınlar təşkil edir. 
Rayon 1904-cü ildə Zavodskaya, 1920-ci ildən Fabrik zavodu rayonu, 1932-ci ildən Şaumyan rayonu adlandırılmışdır. 1981-ci ildə ayrılaraq bir hissəsinə Nizami rayonu adı verilmişdir. 5 yanvar 1990-cı ildən isə Xətai rayonu adlanır.
Qarabağ müharibəsi əlillərinin sayı 384, şəhid ailələrinin sayı 520 nəfərdir. Xətai rayonunda 23044 nəfər (5662 ailə) məcburi köçkün və 10.232 nəfər (2245 ailə) qaçqın məskunlaşmışdır.

Rayonda Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi, 1 saylı,2 saylı,3 saylı və 4 saylı Sahə İnzibati Ərazi Dairələri, 2 Bələdiyyə (Xətai bələdiyyəsi və Əhmədli bələdiyyəsi), 4 ali məktəb, 38 orta ümumtəhsil məktəbi, 48 uşaq bağçası-körpələr evi, 1 kollec, 1 özəl gimnaziya, 1 hərbi və 3 peşə liseyi, 15 səhiyyə müəssisəsi, Müasir İncəsənət Muzeyi, Nobel Qardaşlarının Ev Muzeyi və Səhiyyə Nazirliyinin Təbabət Muzeyi fəaliyyət göstərir. Rayon ərazisində eyni zamanda Xətai rayon Mədəniyyət Mərkəzi, Ş.Ələkbərova adına mədəniyyət evi, V.Məmmədov adına mədəniyyət evi, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və onun 5 filialı, M.Ə.Sabir adına kitabxana-klub, 5 Uşaq Musiqi məktəbi, Heydər parkı, Xocalı abidə kompleksi, Xətai parkı, Zığ yolunda yerləşən Uşaq parkı, Nizami adına mədəniyyət və istirahət parkı, Gənclik mədəniyyət və istirahət parkı, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi, Bakı kinoteatrı, H.Z.Tağıyev adına Toxuculuq Kombinatının klubu fəaliyyət göstərir. Eyni zamanda rayon ərazisində bir sıra Respublika əhəmiyyətli təşkilatların inzibati binaları da yerləşir. Bunlardan Ali Məhkəmə, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı şəhər Baş Polis İdarəsi, «Azəriqaz» İB, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Perinatal Mərkəzi, «Azərneftyağ» NEZ, Neft Kəmərləri İdarəsi, Xəzər Dəniz Neft Donanma idarəsi, MSN-nin "Üfüq" İB, Sərhədçi İdman Olimpiya Mərkəzi, AFFA, DİN-nin İdman cəmiyyəti, Sərhəd Xidmətinin Akademiyası, C.Naxçıvanski adına hərbi lisey, Heydər Əliyev adına Ali hərbi məktəb, Bakı Ali Neft məktəbi və s. göstərmək olar.

Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 9-cu maddəsinə uyğun olaraq Xətai rayon İcra Hakimiyyəti Başçısının 25.05.2012-ci il tarixli 130 saylı sərəncamı ilə İcra Hakimiyyəti Başçısı yanında Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq ayda bir dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Şuranın iclaslarında qəbul edilmiş qərarlar tövsiyə xarakteri daşıyır və protokolla rəsmiləşdirilir.Şuranın iclaslarında qəbul edilmiş qərarların icrasını təmin etmək üçün yerli icra hakimiyyətinin başçısı müvafiq sərəncam və ya əmr verə bilər. Hazırda Xətai Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın tərkibi 9 nəfərdən ibarətdir. Rayon İcra Hakimiyyətinin başçısı, birinci müavini və 2 müavini, 1 RİH BA-nın Şöbə müdiri, 3 nəfər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə 1 nəfər iri, qabacıl sənaye müəssisəsinin rəhbəri Şuranın heyətindədirlər. Şura işini təsdiq olunmuş iş planına əsasən qurur.
Xətai rayonu ərazisində 33 saylı Xətai Birinci Seçki Dairəsi (34 məntəqə), 34 saylı Xətai İkinci Seçki Dairəsi (33 məntəqə), 35 saylı Xətai Üçüncü Seçki Dairəsi (26 məntəqə), 36 saylı Xətai Dördüncü Seçki Dairəsi (31 məntəqə) fəaliyyət göstərir. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq seçkilərə hazırlıq dövründə təbliğat və təşviqat işlərinin təşkili məqsədi ilə Xətai rayonu ərazisində fəaliyyət göstərən seçki dairələrinin hüdudları daxilində namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün açıq və qapalı yerlərin, habelə təşviqat aparılması üçün yerlərin siyahısı müəyyənləşdirilib Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət kursu, bütün ölkənin,eləcə də regionların sosial-iqtisadi inkişafına yönəlmiş səyləri əhalinin güzaranının yaxşılaşdırılmasına, onların maddi rifah halının yüksəldilməsinə istiqamətləndirilmiş fəaliyyəti yerlərdə ictimai-siyasi sabitliyin qorunub saxlanılmasını təmin etmişdir. Bu sabitlik şəraitində rayonda 24 siyasi partiya, 32 ictimai təşkilat, 7 dini icma, 2 məscid və 1 kilsə fəaliyyət göstərir. Rayonun ictimai-siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sıralarında 16303 üzv birləşir.
Xətai Rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarına müvafiq olaraq həyata keçirir.