Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
29 Yanvar , 2015

Bu ilin yanvar ayında Fransanın tanınmış “Utopik” ansamblı məşhur “Dünya xalqlarının mahnıları” silsiləsindən yeni bir layihəni həyata keçirib. 

Bu dəfə “Utopik” öz layihəsinə iki fransız, bir meksikalı bəstəkarlarla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadəni də cəlb edib.

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilib ki, F.Əlizadə “Bu dağda maral gəzər” xalq mahnısını sözügedən layihə üçün yeni aspektdə təqdim edib. 

Soprano və 10 nəfərlik ansambl üçün yazılan kompozisiya, fortepianonun virtuoz kadensiyası və dramatik kulminasiyası ilə məşhur mahnının sətiraltı məzmununa əlavə çalarlar qatır. Layihənin solisti lüksemburqlu müğənni Laura Delkampe “Utopik”in 4 yeni mahnısı ilə yanaşı, L.Berionun silsiləsindən 3 mahnını da ifa edib.

Ansamblın konsertləri Fransanın Marsel, Lion və Nant konservatoriyalarında baş tutub.

Konsertlərdən öncə bəstəkarların tələbələrlə görüşləri, həmçinin ustad-dərsləri təşkil edilib.

“Utopik” ansamblının yekun konserti isə Nant şəhərinin əzəmətli “Graslin” Opera Teatrında keçirilib.

Qeyd edək ki, sözügedən konsert salonunda “Dünya xalqlarının mahnıları” layihəsindən başqa Firəngiz Əlizadənin “Yapon poeziyasından” vokal-silsilə, həmçinin, “Habilsayağı” və “Oyan!” əsəri ansamblın solistlərinin ifasında səsləndirilib.

Beləliklə, “Dünya xalqlarının mahnıları” layihəsi çərçivəsində Azərbaycan musiqisi Fransanın üç böyük şəhərində fransız musiqisevərlərin ürəyinə yol tapıb.