Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
30 Yanvar , 2015


Rusiya Federasiyasının Moskva şəhərində “Canlı klassika - 2015” adlı gənc qiraətçilərin Beynəlxalq bədii qiraət müsabiqəsi keçiriləcək. Beynəlxalq müsabiqənin Bakı şəhəri üzrə yerli seçim mərhələsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin oxucuları da iştirak edəcəklər. Müsabiqə fevral-iyun aylarında baş tutacaq.

Müsabiqənin keçirilməsinin əsas məqsədi uşaqlar arasında mütaliənin təbliği, uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi, mütaliə-bilik dairəsinin genişləndirilməsi, ailə qiraət ənənəsinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə müasir rus dünya ədəbiyyatına marağın artırılması, eyni zamanda rus dili və rus mədəniyyətinin təbliğidir. 

Nəzərinizə çatdıraq ki, müsabiqəyə əvvəldən seçim edilmədən həvəsi olan hər kəs qatıla bilər. 

Müsabiqə seçim və final mərhələsindən ibarətdir. Müsabiqədə orta məktəblərin rus şöbəsində təhsil alan 6-cı sinif şagirdləri iştirak edə bilərlər. Hər bir kitabxana və onun filialları yerləşdiyi ərazi üzrə 3 gün ərzində müsabiqənin birinci turunu keçirir və iştirakçılar arasında seçilən 1 nəfəri 2-ci turda iştirak etməsi üçün MKS-ə təqdim edir. MKS-lər arasında müsabiqənin 2-ci turu 2 gün ərzində keçirilir və bu mərhələdə 3 iştirakçı müsabiqənin final mərhələsində çıxış etmək üçün seçilir. İştirakçıların çıxışları 10 ballıq qiymət sistemi ilə dəyərləndiriləcək.

Yerli seçim mərhələsində qalib gəlmiş 3 oxucu müsabiqənin finalında iştirak etmək hüququ qazanır. Müsabiqənin final mərhələsi Moskva şəhərində baş tutacaq. Final mərhələsində iştirak edən hər bir iştirakçı şəhadətnamə alır. Beynəlxalq finalın qalibləri daha çox bal toplamış 3 iştirakçı sayılır. Onlar müsabiqənin medalları, qiymətli hədiyyələr və turist səyahətləri ilə mükafatlandırılacaqlar.

Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin oxucuları beynəlxalq müsabiqədə 2013-cü ildən iştirak edirlər. Keçən il beynəlxalq müsabiqədə Azərbaycan iştirakçılarından Emil Zeynalov müsabiqədəki yaxşı çıxışına görə qızıl medal ilə, digər iştirakçılar Qaşqay Cənnət Camal qızı və Arıxova Nəzrin Emin qızı isə qiymətli hədiyyələrlə mükafatlandırılmışdılar.

Qeyd edək ki, müsabiqənin yerli seçim mərhələsinə artıq start verilib.