Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Ümummilli lider
10 May , 2016
Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir və xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük dəyərimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Ana dilimizin inkişafına dövlətin həmişə xüsusi diqqəti və qayğısı olub. Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsində əsl fədakarlıq göstərmişdir. Ana dilinin inkişafı ilə əlaqədar ulu öndərin müntəzəm imzaladığı fərman və sərəncamlarda, eləcə də çıxış və məruzələrində, tövsiyələrində vaxtaşırı ortaya çıxan problemlərin həlli vacib sayılırdı.

1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edildi. 2001-ci ilin iyul ayında Ulu öndər Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzaladı. Eyni zamanda, o zaman Dil Şurası da yaradıldı. Bunu ardınca isə Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu.

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Ümumiyyətlə, dünyanın böyük liderləri içərisində, o cümlədən türk dünyasında Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Bu amilin çox böyük əhəmiyyəti var. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Amma Ulu öndər Heydər Əliyev bunu milli dəyər səviyyəsinə qaldırdı.

Azərbaycanın sovet imperiyasının tərkibində olduğu illərdə dilimizə qarşı hücumlar başlamışdı. “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Belə ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Oxşar vəziyyət özünü radio, televiziya və mətbuatda da göstərirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta, bəzən sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu. Lakin Azərbaycanda siyasi hakmiyyətə gələn Ümummilli lider Heydər Əliyev dilə münasibəti ilə hər kəsə örnək oldu. 1969-1982-ci illərdə sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi.

Bunlarla yanaşı, Ulu öndər 1978-ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan işlər həyata keçirib. Birincisi, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib.

İkincisi, Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Üçüncüsü, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilib. Dördüncüsü, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib. Beşincisi, həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi. O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin mərkəzi şəhərlərində demək olar ki, ana dilində məktəb yox idi. Amma Azərbaycanda rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti birləşdirəcək bütün dəyərləri qoruyub mühafizə edirdi və onların inkişafı üçün proqramlar müəyyənləşdirdirirdi. Bunların ən mühümlərindən biri də dil məsələsi idi.

Heydər Əliyevin siyasətçi kimi uzaqgörənliyi ondan ibarət idi ki, bu məsələləri tədricən çox təmkinlə, ağılla və ustalıqla reallaşdırdı. Demək olar ki, O heç bir mərhələdə geri çəkilmədi.

Bununla belə, ana dili problemi bu gün yenə də bir müddət aktual problem olaraq qalırdı, buna görə də dövlət tərəfindən bu problemin həlli üçün müxtəlif tədbirlər görülürdü. Azərbaycan müstəqillik qazandıqdan sonra qəbul edilmiş bir sıra qanun və qərarlar dilin inkişaf etməsi üçün yollar açmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Konstitutsiyanın 21-ci maddəsində deyilir: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".

Ümummilli lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.

Prezident sərəncamında qeyd olunur ki, müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açmış və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir.

Həmin fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən latın qrafikalı Azərbaycan əlifbasına keçid reallaşdı. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başladı.

Əlifbamız bir əsr ərzində bir neçə dəfə dəyişilmişdi. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan xalqı üçün tarixi baxımdan daha doğma olan latın qrafikalı əlifba tərtib etmək tapşırıldı. 1923-cü ildə respublikamızda latın qrafikalı əlifbaya keçid prosesi başlamışdı. O dövrdə mətbuatda az-az da olsa, latın əlifbası ilə yazılar çap olunurdu. 1929-cu ildə rəsmi olaraq latın qrafikalı Azərbaycan əlifbası qəbul edildi və 1939-cu ilə qədər məhz bu əlifbadan istifadə olunmuşdu. 1940-cı ildən etibarən isə Azərbaycanda Kirill əlifbasından istifadə edilməyə başlanmışdı. Bu illər ərzində xalqın yazı mədəniyyətinə bir-birinin ardınca iki agır zərbə dəydi. Buna baxmayaraq, Azərbaycan dili çətinliklə də olsa, bütün bu illər ərzində yenə öz saflığını qoruya bilmiş, elmi və bədii ədəbiyyatda, publisistikada böyük imkanlara malik olduğunu numayiş etdirmişdir.

Müstəqilliyin bərpasından sonrakı ilk ildə, 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, o, bütün gücü ilə işləyə bilməmişdi. Yalnız ümummilli lider bu məsələnin birdəfəlik həllinə nail oldu.

Xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında dilimizin zənginliklərinə bələd olan Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Onun hakimiyyəti illərində dilimizin dövlət dili kimi inkişafı dil quruculuğu ilə əlaqədar mühüm siyasətlə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin həyata keçirilməsi və kitabxanalara pulsuz paylanması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi.

Bununla belə, Azərbaycan Respublikasının son 10 illik inkişaf yolu göstərmişdir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin ali və orta məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və s. sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımi səviyyədə əməl edilmir.

Bu problemləri nəzərə alan Prezident İlham Əliyev 2012-ci il 23 may tarixdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması barədə sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül və inkişaf mərhələlərinə elmi-tarixi rakursdan nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud olan problemlər, görülməli olan tədbirlər dolğun əksini tapmışdır.
"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın qısa müddətdə hazırlanaraq Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunması mənəviyyatımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir.

Azərbaycan dili 50 milyondan artıq insanı bir-biri ilə birləşdirən bir atributdur. Buna görə də, bu amil dilin inkişaf etdirilməsi işi ilə bağlı istənilən qərarların qəbulunda nəzərə alınır və Dövlət proqramında öz əksini tapan müddəalar da bu tələblərə tamamilə cavab verir.

Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliev