Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Turizm
8 İyun , 2016
Bir tərəfdən dağ meşə massivi, digər tərəfdən isə Xəzərə baxan ucsuz-bucaqsız düzənliklə əhatə olunan, dəniz səviyyəsindən 1000 metr yüksəklikdə, Bakıdan 120 kilometr məsafədə Şabran rayonunda yerləşən “Qalaaltı” müalicə-istirahət kompleksi öz əzəmətli görkəmi ilə infotur iştirakçılarının gözü qabağında idi. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin birgə iştirakı ilə təşkil olunan səfər mayın 22-23-də mətbuatın və turizm təşkilatlarının 80-dən çox nümayəndəsini bir araya gətirib. Yeni kompleksə heç kəs laqeyd qalmadı: infotur iştirakçılarının bəziləri beşulduzlu otelin şəraitindən, digərləri sanatoriyanın terrasından açılan əsrarəngiz mənzərədən heyrətləndi, bir qismi isə müalicə ocağının yüksək təchizat sistemini xüsusi qeyd etdi. Lakin onların hamısını bir fikir birləşdirirdi: “Qalaaltı” haqlı olaraq Azərbaycanda müalicə turizminin incisi adına iddia edir.

Əfsanədən həqiqətə

Qalaaltı burada yerləşən sanatoriyaya görə hələ SSRİ vaxtında ümumittifaq istirahət ocağı kimi tanınıb. Zaman keçdikcə arxaik müəssisə tənəzzülə uğrayıb. Nəhayət ki, bu yerlərə layiq olduğu şöhrəti qaytarmaq məqamı yetişdi. Qalaaltı kəndinin ən mənzərəli, diyarın ən görməli yeri olan Çıraqqala yaxınlığında memarlıq üslubu və müalicə üsullarına görə unikal olan müalicə-istirahət kompleksi ucaldıldı.

Kompleks müxtəlif xidmət növünü əhatə edən 168 otağı olan dəbdəbəli beşulduz oteldən və rahat yaşayış üçün bütün şəraitlə təchiz edilmiş 3 villadan ibarətdir. Burada həm istirahət, həm də konfrans zallarında işgüzar görüşlərin keçirilməsi üçün imkanlar yaradılıb. Kompleksin nəhəng ərazisi yaşıllığa qərq olub: təbii kollar və çəmənlər hər yanı, hətta villaların damlarını, parkovka mərkəzini belə bürüyür. Hər şey nəfis və zövqlə tərtib olunub.

Oteldə onlarla trenajoru olan böyük müasir fitnes mərkəzi, örtülü hovuz, hamamı, saunası və massaj otaqları ilə birlikdə SPA mərkəzi var. Bədənə hər cür qulluq göstərilməsi, o cümlədən revitalizasiya və təravətləndirmək, üz və bədən dərisinin qidalandırılması və nəmləndirilməsi üçün SPA mərkəzinin mütəxəssislərinin sərəncamında zəruri olan avadanlıq və vasitələr var. Pilinq, talassoterapiya, şokoladlı bədən maskası, massaj, müalicəvi massaj duşu ilə hidroterapiya və daha nələr, nələr... Bunlar burada tətbiq edilən müalicə texnologiyalarının müəyyən bir qismidir.

Lakin kompleksin başlıca qürur mənbəyi onun unikal avadanlıqla təchiz edilmiş müasir müalicə-diaqnostika mərkəzidir. Burada yerli kurortologiya və fizioterapiyanın ən yeni texnologiyaları və dünya təbabətinin ən yaxşı nailiyyətləri bir-birini tamamlayır. Burada orqanizmin başdan-ayağa müayinəsi və həkimin göstərişinə müvafiq olaraq müalicə proseduralarına başlamaq mümkündür. Kompleksin əsas müalicə faktoru isə “Naftusiya” kimi tərkibində üzvi maddələri olan unikal hidrokarbonat-kalsiumlu sudur. Bu su tərkibinə görə Ukraynanın Truskavets kurortunun analoji mineral suyunu üstələyir.

Daşları əridən su

Yeni müalicə-istirahət kompleksi “Qalaaltı”nın yuxarıda xatırlatdığımız əvvəlki sanatoriya ilə oxşarlığı yoxdur. Dəyişməz qalan təkcə həmin unikal sudur ki, məhz buna görə “Qalaaltı” ümumittifaq müalicə ocağı kimi tanınmışdı.

“Naftusiya” mineral suyunun müalicəvi xüsusiyyətləri keçmişdən məlumdur – onun müalicəvi effekti haqqında ilk dəfə 1578-ci ildə yazılıb. Bu suyun təkcə adı çox məsələdən xəbər verir – bu, neft mənşəli üzvi maddələrlə zəngin müalicə suyudur. Adamların çoxunda “Naftusiya” adı Truskavets kurortunu xatırladır. Lakin uzun illər ərzində istismar nəticəsində Truskavets bulaqlarının ehtiyatları və üzvi maddələri tükənib.

“Naftusiya” tərkibli mineral suyun mənbəyi Qalaaltının dağətəyi meşələrində 1969-cu ildə aşkar edilib. Meşədə böyük su ehtiyatı olan 7 bulaq aşkar edilib. Suyun debiti dəqiqədə 10.000 litrdən çoxdur. Mədən suyu üzvi maddələrlə olduqca zəngindir ki, bu da müvafiq regionun müalicəvi xüsusiyyətinin göstəricisidir. Qalaaltı suyunu ancaq bulaqdan içmək olar, çünki bu suyun tərkibində uçucu maddələr olduğundan onu saxlamaq və nəql etmək mümkün deyil.

Qalaaltı suyunun tərkibindəki üzvi maddələrin bənzərsiz təbii kompleksi onu bir çox ölkələrin uroloqları tərəfindən qəbul edilən unikal müalicəvi mineral su kimi səciyyələndirir.

Bu su sidik yollarındakı daşların əridilməsində, qastroentroloji və digər xəstəliklərin müalicəsində olduqca faydalıdır. Müalicəxananın dəhlizindəki stenddən pasiyentlərin böyrək və mədəaltı vəzisindən bu suyun təsiri nəticəsində çıxarılmış duz və daşların saxlandığı sınaq şüşələri asılıb.

Su immunoloji təsiri nəticəsində orqanizmin müqavimətini bərpa edir, orqan və toxumalarda iltihab proseslərinin aradan qaldırılmasına, maddələr mübadiləsinə və zəhərli maddələrin xaric olunmasına kömək edir və beləliklə, orqanizmin erkən qocalmasının qarşısını alır.

Sağlamlıq “məşəl”i

“Qalaaltı” sağlamlıq və istirahət kompleksinin ərazisi adamların sağlamlığına və sakit istirahətinə yönəlib. Hətta restoranda Azərbaycan və Avropa mətbəxi ilə yanaşı, həkim-dietoloqun tövsiyələrinə əsasən hazırlanmış buxarda bişirilən və qaynadılan məhsullardan ibarət xüsusi menyu təklif edilir.

Qalaaltının hər yerində bənzərsiz sakitlik hökm sürür. Müalicə müəssisəsinin yerləşdiyi ərazi həqiqətən unikaldır – kompleks düz qayanın altındakı dağ meşəsində IV-VI əsrlərdə dəniz səviyyəsindən 1232 metr yüksəklikdə ucaldılmış, vaxtilə möhtəşəm və əlçatmaz qədim Çıraqqalanın yanında tikilib. Mütəxəssislərin fikrincə qala vaxtilə böyük ərazini müşahidə etməyə və təhlükə barədə məşəl vasitəsilə xəbər verməyə imkan verirmiş, “Çıraqqala” adı da buradan götürülüb.

Çıraqqala əsrlər boyu Qalaaltıya gələn çoxsaylı səyahətçiləri özünə cəlb edib. Hazırda isə bu diyarın yeni cəzbedici məkanı Azərbaycanda yerin təkindən çıxan unikal müalicə suyu ilə sivilizasiyanın nailiyyətlərini bir araya gətirən ultramüasir “Qalaaltı” mərkəzidir.

“Qalaaltı” sanatoriyasına turist axını bir daha təsdiq edir ki, ölkəmizdə turizm bu cür dünya standartlarına cavab verən otel komplekslərinin sayının çoxalması nəticəsində yüksəliş dövrünü yaşayır.