Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
10 İyun , 2016
İyunun 16-da Heydər Əliyev Mərkəzində müasir dövrün tanınmış avanqard rəssamlarından olan Corc Kondonun sərgisinin açılışı olacaq. “Corc Kondo. Şəxsi kolleksiyadan seçmələr” adlı sərgidə müəllifin 70-dən artıq əsəri-rəsmlər, heykəltəraşlıq nümunələri nümayiş olunacaq.

Corc Kondo 1957-ci ildə ABŞ-ın Nyu-Hempşir ştatının Konkord şəhərində anadan olub. 1976-1978-ci illərdə Louel şəhərindəki Massaçusets Universitetində təhsil alıb.

Corc Kondo Nyu-Yorkun incəsənət aləminə 1980-ci illərdə gəlib. O, amerikan karikaturasından, Avropa portret tarixindən və yunan mifologiyasından ilham alaraq portret janrının araşdırması ilə məşğul olur, özünəməxsus üslubda qara yumorlu əsərlər yaradır. Kondonun işləri ekspressionizmlə kubizmi satirik karikatura əlamətləri ilə birləşdirir. Onun yaradıcılığı böyük bürünc heykəllərdən tutmuş xəyali portretlərədək müxtəlif tipli əsərləri əhatə edir. Corc Kondo öz yaradıcılığını “süni realizm” termini ilə ifadə edir. O, rəssam kimi məşhur olmasına baxmayaraq, həm də heykəltəraşlıqla məşğuldur. Kondo bu sahəyə 1999-cu ildə yaqut, brilyant və mirvarilərlə bəzədilmiş “Desireah” adlı əsəri ilə gəlib.

Corc Kondonun hibrid xarakterli portretləri 2007-ci ildə yeni mərhələyə qədəm qoyub. Müəllif hər biri eyni vaxtda müxtəlif emosiyalar, məsələn, təəccüb, fəryad və gülüş ifadə edən silsilə şəkillər yaratmağa başlayıb.

Corc Kondonun həm doğulduğu ABŞ-ın, həm də Avropanın bir sıra şəhərlərində - Hyuston, Nyu-York, Buffalo, Salzburq, Paris, Barselona, Bilefeld və Londonda sərgiləri keçirilib.

Heydər Əliyev Mərkəzindəki “Corc Kondo. Şəxsi kolleksiyada seçmələr” sərgisi noyabrın 6-dək davam edəcək.