Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
14 İyul , 2016
Cari ilin 12 iyul tarixində İstanbulda İslam Tarixi, İncəsənəti və Mədəniyyətini Araşdırma Mərkəzinin (IRCICA) Baş direktoru Halit Erenlə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə arasında keçirilmiş görüşdə 2016-cı ilin oktyabr ayında Bakıda Qarabağ irsi mövzusunda beynəlxalq elmi toplantı keçirilməsi məsələsi müzakirə edilmişdir.

Görüşdə Halit Eren nazir Əbülfəs Qarayevin İRCİCA-nı ziyarət etdiyi zaman Qarabağ mədəniyyəti və irsi mövzusunda birgə fəaliyyətin həyata keçirilməsinin razılaşdırıldığı və daha sonra məktub mübadilələri ilə bu təklifin təsdiqləndiyini bildirmişdir.

V.Eyvazzadə qeyd etmişdir ki, hazırda Ermənistanın işğalı altında olan ərazilərimizdə bütün tarixi abidələr dağıdılmış, İslam irsinin ən vacib nümunələri, dini məbədlər, məscidlər məhv edilmişdir.

İRCİCA-nın Baş direktoru İslam Əməkdaşlıq Təşkilatının tarixi elmi, mədəni araşdırmalar mərkəzi olaraq bu məsələdə Azərbaycan ilə daha sıx əməkdaşlıq etməyə hazır olduqlarını, 2016-cı ilin oktyabr ayında keçiriləcək elmi toplantının İslam dünyasının nüfuzlu elm xadimlərini Qarabağ mövzusunda bir araya gətirəcəyini bildirmişdir.

H.Eren 1997-ci ildə ulu öndər Heydər Əliyevin İRCİCA-nı ziyarət etdiyini və 1998-ci ildə Bakıda Ümummilli liderin himayəsi ilə Qafqazda islam mədəniyyəti mövzusunda beynəlxalq konfransın keçirildiyini xatırladaraq dahi şəxsiyyət Heydər Əliyevin tədbirin açılışındakı çıxışının insanların yaddaşında həkk olunduğunu qeyd etdi.

Görüşdə 2016-cı ilin oktyabr ayında keçiriləcək elmi toplantının proqramı, müzakirə mövzuları, habelə 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.