Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
17 May , 2017
Beynəlxalq Muzeylər Günü münasibətilə muzey və qoruqlarda açıq qapı günü elan olunacaq

18 may tarixində İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. Ölkəmizin əksər muzeyləri bu şüar altında birləşərək öz profillərinə uyğun tədbirlər təşkil edəcəklər.

Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən, “Beynəlxalq Muzeylər Günü” münasibətilə cari ilin 18, 19, 20 may tarixlərində nazirliyin strukturunda olan muzeylərdə və qoruqlarda “Açıq Qapı” günü elan olunacaq və YUNESKO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusunda silsilə tədbirlər keçiriləcəkdir.

Belə ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Bülbülün Memorial Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Masallı Tarix-diyarşünaslıq Muzeyi, Səməd Vurğunun Ev-muzeyi, Şirvanşahlar Sarayı, Tahir Salahovun Ev-muzeyi, Üzeyir Hacibəylinin Ev-muzeyi və digər muzeylər tədbirlər keçirdəcək.

Hər il 18 may günü dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilmişdir.

İCOM Azərbaycan Milli Komitəsinin əsas fəaliyyəti Beynəlxalq Muzeylər Şurasının işində iştirak etmək, müasir mərhələdə Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzeylər ilə əlaqə yaratmaq, dünya standartlarına uyğun səviyyədə müxtəlif normativ aktların qəbul edilməsində, mədəni irsin qorunması istiqamətində, dünya muzeyləri ilə bir sırada öz işini davam etməkdən ibarətdir. Bu gün İCOM Azərbaycan Milli Komitəsinin 39 muzey və 11 digər təşkilatların nümayəndələrindən ibarət 100 nəfər üzvü var.

“Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu insanlar arasında sülh əlaqələrinin inkişafında mərkəz hissə olmaqda muzeylərin rolundan bəhs edir və sülh şəraitində paylaşılan bir gələcək təsəvvür edilərkən mübahisəli tarixin qəbul edilməsini ilk addım kimi vurğulayır. Keçiriləcək tədbirlərin məqsədi insan irqinə məxsus tarixin aydın olmayan tərəflərinin dərk edilməsindən ibarətdir.


18 may tarixində keçiriləcək tədbirlərin siyahısı:


11:00 – Azərbaycan Xalça Muzeyində “Beynəlxalq Muzeylər Günü”nün rəsmi açılışı, bu tədbirə hazırlıq işlərinə həsr olunmuş video-çarxın təqdimatı, “Dekorativ-tətbiqi sənətdə sosialist realizmi” sərgisi;

14:00 – AMEA Milli Azərbaycan Tarixi Muzeyində 1920-50-ci illərdə represiyyalar mövzunda “Sonuncu ünvan...” adlı tədbir: məruzə, sərgi, konsert;

16:00 – Azərbaycan Milli İncəsənət Muzeyində “Unudulmuş unudulmaz” sərgisi;

18:00 – Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “İnteryerdə musiqi və həqiqət” sərgisi və konsert.

18 may tarixində gün ərzində keçiriləcək sərgilər:

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi – “Gələcək üçün keçmiş haqqında...” sərgisi (14:00)

Bülbülün Memorial Muzeyi – “Şuşada susan eksponatlar” sərgisi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu – “Xatırla və tanı” adlı məruzə (18:00)

Səməd Vurğunun Ev-muzeyi – “Səməd Vurğun repressiya illərində” adlı məruzə

Şirvanşahlar Sarayı Kompleksi – “Repressiya qurbanları: Mövsüm Salamov” adlı məruzə və sərgi (11:00)

Tahir Salahovun Ev-muzeyi – “Repressiya qurbanları: Teymur Salahov” sərgisi

Üzeyir Hacibəylinin Ev-muzeyi – “1920-1950-ci illərdə repressiyalar” sərgisi

Masallı Tarix-diyarşünaslıq Muzeyi – “Zamanın günahsız qurbanları” adlı məruzə