Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
10 Yanvar , 2018
Yanvarın 9-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-inin Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin xatirəsinə həsr olunmuş “Alay komandiri” adlı tədbir təşkil olundu.
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova, Xətai rayon İcra Hakimiyyətinin humanitar işlər üzrə şöbə müdiri Pənah İmanov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov, Hərbiçi, jurnalist, Şirin Mirzəyevin döyüşçüsü, “Diqqət ! Mən üç yüz birəm!” filminin ssenari müəllifi Rey Kərəmoğlu, AYB-nin üzvü, şair, Azərbaycan Dövlət Televizyasının əməkdaşı, “Alay Komandiri” poemasının müəllifi Ələmdar Quluzadə, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin döyüşçü dostları, ailə üzvləri və yaxın qohumları iştirak etdilər.
Tədbir Aəzrbaycan Respublikasının Dövlət Himni ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-inin baş kitabxanaçısı bildirdi ki, Şirin Mirzəyev əsl peşəkar hərbçi idi. O, mükəmməl nəzəri biliklərə, zəngin təcrübəyə malik idi. Onun peşəkarlığını qorxmazlığı, igidliyi, mərdliyi, ən başlıcası isə vətənə bağlılığı tamamlayırdı. 
Sonra igid sərkərdə Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova tədbir iştirakçılarına dərin minnətdarlığını bildirərək dedi: "40 yaşında körpə uşaqlarını mənə etibar edərək döyüş bölgəsinə gedən Şirin Mirzəyevi saxlamaq qeyri-mümkün idi. Onunla bir sinifdə, eyni partada oturardıq. Son dərəcə qabiliyyətli idi. Gözəl rəsmlər çəkərdi. Hər gün kitab oxuyardı. Mütaliədən qalmazdı. Sözübütöv, dürüst idi. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyir və Şirin Mirzəyevi bu gün də unutmayan döyüş dostlarına, hər kəsə təşəkkürümü bildirirəm”.
Xətai rayon İcra Hakimiyyətinin humanitar işlər üzrə şöbə müdiri Pənah İmanov çıxışına belə başladı: “Qəhrəmanlar anadan qəhrəman doğulmur, qəhrəmanları döyüşlər, düşmənlə mübarizə, yalnız öz sərt qanunlarına tabe olan müharibə yetişdirir. Torpaq, üstünə qan töküldükcə öz igidlərini kəşf edir. Qarabağ savaşında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev də bax beləcə kəşf olundu.”
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov öz çıxışında qeyd etdi ki, Şirin Mirzəyevi şəxsən tanıyırdım. Onun xatirəsinə həsr olunmuş filmlər, kitablar, şəkillər, qəzetlər, onun haqqında söylənilən fikirlər bir daha bizləri Şirin Mirzəyevi qürur hissi ilə, böyük ehtiramla yad etməyə sövq edir.
Hərbiçi, jurnalist Rey Kərəmoğlu, AYB-nin üzvü, şair Ələmdar Quluzadə, Azərbaycan Milli Qəhrəmanı Şirin Mirzəyevin döyüşçü dostları, ailə üzvləri və yaxın qohumları şəhid haqqında xatirələrini paylaşdılar.
Tədbir zamanı “Alay Komandiri” poemasından parçalar səsləndirildi. Qarabağ qazisi Rey Kərimoğlunun ssenarisi əsasında çəkilmiş "Diqqət! Mən üç yüz birəm!” sənədli filmi nümayiş olundu.
Sonda çıxış edən Xətai rayon MKS-inin direktoru Oruc Quliyev hər kəsə tədbirdə iştirakına görə təşəkkürünü bildirdi və qeyd etdi ki, xalqımızın igid oğlu polkovnik-leytenant Şirin Mirzəyev fikir, xəyal və təsəvvürlərdən başqa, Azərbaycan durduqca yaşayacaq, xalqımızın qəhrəmanlıq tarixində daim xatırlanacaqdır.
Foto Qalereya