Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
3 İyul , 2018
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi birgə əməkdaşlıq məqsədilə “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihəsi çərçivəsində ilk dəfə 02 iyul 2018-ci il tarixdə Bakı Yunus Əmrə İnstitutunda oldular. İnstitutun direktoru doktor Cihan Özdemir kollektivi çox səmimi qarşılayıb görüşdən məmnunluğunu bildirdi. Görüş mehriban münasibət, qarşılıqlı xoş söhbət əsasında davam etdi.
Kitabxananın direktoru Oruc Quliyev əvvəlcə kitabxana, onun tarixi, fondu, oxucuları, fəaliyyəti, keçirilən tədbirlər haqqında geniş məlumat verdi. Sonra görüşün əsas məqsədinin birgə əməkdaşlıq etmək, müxtəlif layihələrdə, tədbirlərdə iştirak etmək, Azərbaycan və Türkiyə Gənclər Kitabxanalarının sıx əlaqələr saxlamasına, hətta ezamiyyələr vasitəsilə əyani surətdə tanışlıqlarına razılığa gəlmək olduğunu bildirdi. Oruc Quliyev doktor Cihan Özdemiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına dəvət etdi.
Doktor Cihan Özdemir Azərbaycan kitabxanaları ilə tanışlığından, müasir gəncliyin kitaba, ədəbiyyata maraq dairəsindən, Azərbaycan və Türkiyə kitabxanalarının oxşar və fərqli xüsusiyyətlərindən danışdı. Təəssüflə bildirdi ki, müasir internet dövründə gənclərin kitaba olan marağı nisbətən azalmışdır. Buna görə də, kitabı sevdirən filmlərin çəkilişlərinə böyük yer ayrılmalı, media ilə iş birliyi qurulmalı, kitablar geniş şəkildə reklam olunmalıdır.
Doktor Cihan Özdemirin rəhbərliyi ilə kitabxana kollekti Bakı Yunus Əmrə İnstitutunun işi, fəaliyyətin əsas məqsədi, keçirilən tədris və məşğələlər, həmçinin, nəfis tərtibatlı kitabxana ilə tanış oldular.
Oruc Quliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından Bakı Yunus Əmrə İnstitutunun kitabxanasına Zahid Qaralovun iki cildlik “Heydər Əliyevin elmi irsi” və “Əbədiyyətə gedən yollar” kitablarını hədiyyə verdi.
Foto Qalereya