Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
12 İyul , 2018
XX yüzillik Azərbaycan şeirinin görkəmli yaradıcılarından biri - Xalq şairi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçmiş, lirikamızın rəngarəng və kamil nümunələrini yaratmışdır. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıyaqayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatındatərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.
"Qadınların hüriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə, o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.
Şairin "Məhsəti" poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır.
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
2001-ci il iyulun 12-də vəfat etmişdir.