Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
1 Dekabr , 2018
Noyabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyi ilə əlaqədar “Nəsrimizin idealı” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə AYB-nin üzvləri şairə Əzizə Ağahüseynqızı, şair Qəzənfər Məsimoğlu, yazar Şərqiyyə Süleymanlı, Xətai rayon MKS-in əməkdaşları və oxucuları iştirak etdilər.
Tədbirin aparıcısı Xətai rayon MKS-nin əməkdaşı Ağgül Mərdanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın görkəmli Xalq yazıçısı, Əməkdar İncəsənət xadimi, kinossearist, ilk “Nəsimi” mükafatı laureatı, “İstiqlal” ordenli İsa Muğannanın 90 illik yubileyinin qeyd olunması haqqında sərəncamı səsləndirdi və yazıçının həyat və yaradıcılığı haqqında danışdı.
Sonra şairə Əzizə Ağahüseynqızı söylədiki Xalq yazıçısı, Əməkdar İncəsənət xadimi, kinossearist, ilk “Nəsimi” mükafatı laureatı, “İstiqlal” ordenli İsa Muğanna Azərbaycan nəsrinin inkişafında sanballı xidmətləri olan qüdrətli sənətkardır. Yeni Azərbaycan nəsrini onun, artıq nəsr poetikasının gözəl nümunələrinə çevrilmiş əsərləri olmadan təsəvvür etmək mümkün deyildir.
Daha sonra şair Qəzənfər Məsimoğlu qeyd etdi ki, İsa Muğanna olduqca maraqlı və böyük yaradıcılıq yolu keçmiş, əvəzsiz nadir incilər yaratmışdır. Bu incilər altmışıncılar deyilən nəslin yetişməsində, formalaşmasında böyük rol oynamışdır. İsa Muğanna yaradıcılığında diqqət cəlb edən başlıca amil psixologizmin əsərlərdəki güclü təzahürüdür.
Sonra ədibin həyat və yaradıcılığından bəhs edən videoçarx, ssenari müəllifi olduğu ekran əsərlərindən fraqmentlər göstərilib.
Tədbirin sonunda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova tədbir iştirakılarına öz təşəkkürünü bildirdi və qeyd etdi ki, ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Foto Qalereya