Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
30 Dekabr , 2018
Dekabrın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə “Bir olaq, həmrəy olaq” başlığı altında tədbir keçirildi.
Tədbirdə Avropa Azərbaycanlılar Konqresinin Baş katibi Arzu Muradlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə, BDU-nun kitabxana-biblioqrafiya fakultəsinin müəlliməsi, jurnalist, publisist, AYB-nin üzvü İradə Əlili, AYB-nin üzvü, şairə Əzizə Ağahüseyn qızı, AYB-nin üzvü, şair Qəzənfər Məsim olğu, 5 nömrəli Bakı Peşə Liseyinin tələbələri, Sabunçu rayon 215 saylı tam orta məktəbin şagirdi Mirsahil Məmmədli, Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova ilk öncə tədbir iştirakçılarını salamladı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik etdi. Daha sonra qeyd etdi ki, bu gün dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr da Azərbaycan xalqının ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Sonra Avropa Azərbaycanlılar Konqresinin Baş katibi Arzu Muradlı bildirdi ki, XX əsrin əvvəllərindən təşəkkül tapan və fəaliyyətini son dövrlərdə xeyli gücləndirən Azərbaycan diasporu yeni bir inkişaf mərhələsindədir. Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan özəkləri, birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edir. Hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnallar nəşr olunur, xüsusi radio və televiziya verilişləri hazırlanır. Həmçinin Finlandiyadada bu istiqamətdə görülən işlərdən, Azərbaycan mədəniyyətinin, dilinin, tarixi irsinin təbliğindən danışdı.
Tədbirdə çıxış edən , BDU-nun kitabxana-biblioqrafiya fakultəsinin müəlliməsi, jurnalist, publisist, AYB-nin üzvü İradə Əlili Azərbaycanda və Avropada kitabxanaların fəlaiyyəti haqqında, o cümlədən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin həyata keçirdiyi layihənin əhəmiyyəti və düzgün peşə seçimində vacib rolundan danışdı.
Daha sonra çıxış edən natiqlər 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün əhəmiyyətindən söhbət etdilər.
Tədbirin sonunda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova qeyd etdi ki, məndə öz növbəmdə xalqımı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü münasibəti ilə təbrik edirəm və inanıram ki, bu bayramı işğal olunmuş rayonlarımızı azad edib orada qeyd edəcəyik. Son olaraq bütün Azərbaycan xalqını həmrəy olmağa səsləyirəm.
Tədbir zamanı Sabunçu rayon 215 saylı tam orta məktəbin şagirdi Mirsahil Məmmədli "Azərbaycan " adlı mahnı səsləndirdi. 
Tədbir diskussiya şəklində keçdi. 
Foto Qalereya