Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
31 Yanvar , 2019
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman Gənclik Təşkilatı"nı yaratmışdır. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının devizi olmuşdur. Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılığını da davam etdirən Məhəmməd Əmin Rəsulzadənin “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur. Məhəmməd Əmin Rəsulzadənin redaktor olduğu “Füyuzat”, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. M.Ə.Rəsulzadə 1928-ci ildə İstanbulda "İnqilabçı Sosializmin iflası və demokratiyanın gələcəyi", "Millət və Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini çap etdirmişdir. Həmin ildə onun redaktorluğu ilə "Azəri türkü" (1928-1931), sonra isə "Odlu yurd" (1929-1930) jurnalları və həftəlik "Bildiriş" (1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu ildə M.Ə.Rəsulzadənin Parisdə fransız dilində "Azərbaycan və istiqlaliyyəti" və rus dilində "Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm" kitabları çap olundu. 1931-ci ildən M.Ə.Rəsulzadənin mühacirət dövrü Avropa ölkələrində davam edirdi. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə nəşr edilən "İstiqlal" (1932-1934) qəzeti və "Qurtuluş" (1934-1938) jurnalı çap edilirdi. 1947-ci ildən Ankaraya köçən M.Ə.Rəsulzadənin 1949-cu ildə "Azərbaycanın kültür kələnkləri" adlı kitabı işıq üzü görmüşdür. Onun "Çağdaş Azərbaycan ədəbiyyatı" (1950-ci il) və "Çağdaş Azərbaycan tarixi" (1951-ci il) kitabları həmin illərdə M.Ə.Rəsulzadənin məhsuldar işlədiyini göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan şairi Nizami" adlı sanballı monoqrafiyasını çap etdirməklə dünya nizamişünaslığına bir çox yeniliklər gətirmişdir.