Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Elanlar
31 Yanvar , 2019
Səməd Mənsur Kazımov 1879-cu ildə Bakıda anadan olmuş, ilk təhsilini rus-müsəlman məktəbində almış, sonralar davamlı mütaliə ilə biliyini artırmışdır. O, 1907-ci ildə Bakıda düzələn "Səfa" cəmiyyətinin üzvü olmuş, teatr işlərində fəal iştirak etmişdir. Səməd Mənsur 1905-ci ildən sonra şeirləri ilə mətbuatda çıxış etmiş, 1918-ci ildə "Şeypur" jurnalında baş mühərrir olmuş, "Molla Nəsrəddin"də ədəbi parçalar, "Bəsirət" və "Tuti"də şeirlər çap etdirmiş, xırda pyeslər yazmışdır. Şəmsəddin Sami bəyin "Gavəyi-Ahəngər" əsərini təbdil etmişdir. Bu əsər uzun illər səhnədən düşməmişdir. Səməd Mənsur ömrünün axırlarında Xalq Komissarları Sovetində ümumi idarə müdiri vəzifəsində çalışmışdır. Səməd Mənsurun şairlik fəaliyyəti iki xətt ilə davam etmişdir. Birincisi satira, ikincisi romantika. Satirik şeirlərində şair Sabir yolunu tutaraq ictimai xəstəlikləri, köhnə münasibətləri qamçılamağa çalışmışdır. "İçkilər, oflar", "Ey həkim", "Qarabağlı", "Qələmim" belə şeirlərdəndir. Səməd Mənsur satiralarında klassik şeirin təsvir vasitələrindən məharətlə istifadə etmişdir. Qəzəl ədəbiyyatında zəriflik, incəlik üçün işlədilən təşbih və sifətləri həcv şeirinə salmaqla satiranın məlahətini bir qədər də artırmışdır. Səməd Mənsurun bu şeirləri gündəlik felyeton ruhu daşısa da, ictimai cəhətdən faydalı parçalardır. Bu parçaların "Molla Nəsrəddin" səhifələrində çap olunması da təsadüfı deyildir. Bunlar üslubca aydın, mövzuca zəruri, bədii ifadəcə maraqlı və şirin yazılmış həcvlərdir. Ancaq bu şeirlər, ümumiyyətlə, Səməd Mənsur yaradıcılığı üçün səciyyəvi deyildir. S. Mənsur ciddi, lirik şeirlərində daha hərarətli, daha rəvan təbli şairdir. Səməd Mənsurun ən məşhur şeiri "Rəngdir" şeiridir. Bu şeir şairin yaradıcılığında xüsusi yer tutur. Şair əslində varlıq aləmini yoxluqla müqayisə edərək fəlsəfi anlamda hər şeyin rəngdən ibarət olduğunu yazıb. Səməd Mənsur 1927-ci il yanvar ayının 3- də Bakıda vəfat etmişdir. Şeirləri: “Ey həkim”, “Rəngdir”, “Bizdə də var, sizdə də var”, “Gülməlidir”, “Səni mən sevməyirəm, sevməyirəm”, “Naz et”, “İki aşığın deyişməsi”, “Bacıoğlunun dayıya ərizəsi”, “Dayının bacıoğluya cavabı”, “Oğlum Əhməd Tofiqə vəsiyyətim”.