Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
14 Mart , 2019
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev) - Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri (1987-ci ildən), 1991, 1997, 2004, 2014-cü illərdə təkrarən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. I (1995) və II (2000) çağırış Azərbaycan Republikası Milli Məclisinin deputatı olmuşdur.

Anar 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olmuşdur. Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.

1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.

1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Prezident Heydər Əliyev 60 yaşı münasibəti ilə ölkənin ona ən yüksək dövlət mükafatı – İstiqlal ordeni ilə təltif etmişdir.