Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
16 Aprel , 2019
Aprelin 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında yazıçı, jurnalist, böyük satirik, “Molla Nəsrəddin ” ədəbi məktəbinin banisi, ideya rəhbəri və publisist Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar “Böyük satira ustadı” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə AMEA-nın Ədəbiyyat İstutunun işçisi, filoloq alim, filologiya elmləri doktoru, professor Alxan Məmmədov, Cəlil Məmmədquluzadənin ev muzeyinin baş elmi işçisi Yeganə Məmmədova, jurnalist-hüquqşünas Əntiqə Qonaq, kino-aktyor, qiraətçi Kamran M. Yunis, şair, publisist Surxay Hatəm, Xətai rayon 191, 257 saylı tam orta məktəbin şagirdləri iştirak etdilər.
Tədbiri Xətai rayon MKS-nin baş kitabxanaçısı Gülzadə Quliyeva açaraq böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verdi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı səsləndirdi.
Sonra çıxış edən AMEA-nın Ədəbiyyat İstutunun işçisi, filoloq alim, filologiya elmləri doktoru, professor Alxan Məmmədov bildirdi ki, ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.
Cəlil Məmmədquluzadənin ev muzeyinin baş elmi işçisi Yeganə Məmmədova məruzəsində bildirdi ki, Cəlil Məmmədquluzadənin əsərləri özündən sonrakı ədəbi prosesə, eləcə də müasirlərimizin yaradıcılığına əhəmiyyətli dərəcədə müsbət təsiri olmuşdur. Bunu istər mətbuatımızda, istərsə də ayrı-ayrı yazıçılarımızın dil və üslubunda aydın şəkildə görmək olar.
Jurnalist-hüquqşünas Əntiqə Qonaq qeyd etdi ki, Ulu öndər Heydər Əliyev böyük Mirzə Cəlil və onun «Molla Nəsrəddin»nə belə dəyər vermişdir: «Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıcı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. Bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir.
Daha sonra kino aktyor, qiraətçi Kamran M. Yunis Mirzə Cəlil obrazları, onun yaratdığı xarakterlərin özünəməxsusluğu və dərinliyi haqda danışdı.
Tədbirdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətini yüksək dəyərləndirən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova həmin sənədlə əlaqədar görüləcək tədbirlər haqqında danışdı.
Sonda Xətai rayon 191, 257 saylı tam orta məktədin şagirdləri Cəlil Məmmədquluzadənin əsərlərindən hazırlanmış kompozisiyalarla çıxış etdilər.
Foto Qalereya