Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
12 İyun , 2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2018-ci il tarixdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə Sərəncam imzalamışdır.
08 iyun 2019-cu il tarixdə Xızı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” ictimai birliyinin "Müasir cəmiyyətdə maarifçiliyin və milli mədəniyyətin inkişaf etdirilməsi məqsədilə Cəfər Cabbarlının yaradıcılığının təbliği” layihəsi çərçivəsində "Xızıda Cəfər Cabbarlı günü" adlı musiqili ədəbi-bədii tədbir keçirildi.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev və bir qrup əməkdaşı tədbirin keçirilməsində yaxından iştirak və yardım etmək məqsədi ilə Xızı şəhərinə, görkəmli dramaturqun ev-muzeyinə ezam olundular.
Tədbirdə iştirak edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı,
Bakı şəhər Mədəniyyət və Sumqayıt regional Mədəniyyət İdarəsinin nümayəndələri, Cəfər Cabbarlının Bakıdakı və Xızıdakı ev-muzeylərinin, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Füzuli adına Əlyazmaları İnstitutunun əməkdaşları, müxtəlif ali məktəb və digər təhsil ocaqlarının müəllim və tələbələri, muzey, kitabxana işçiləri, teatr, kino xadimləri ölməz dramaturqun əsrlərə qiymətli sənət nümunələri kimi yadigar qalan zəngin ədəbi irsi ətrafında çıxışlar etdilər, dramaturqun müxtəlif janrlarda yazdığı bədii nümunələrdən parçalar ifa etdilər, şerlərinə yazılan mahnılar oxudular. “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” ictimai birliyinin hazırladığı böyük dramaturqun zəngin həyat və yaradıcılığını əks etdirən səyyar sərgiyə baxış keçirildi.
Tədbir iştirakçıları həmçinin, Cəfər Cabbarlı adına parkda görkəmli ədibin abidəsi önünə gül dəstələri qoydular, ev-muzeyini ziyarət etdilər.
Tədbirin sonunda iştirakçılara Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən bukletlər paylandı.