Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
19 İyun , 2019
İyunun 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650-illik yubileyi ilə əlaqədar “Məndə sığar iki cahan” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə BDU-nin müəllimi, yazıçı, tədqiqatçı Firudin Qurbansoy, BDU-nun müəlliməsi, islamşünas Yeganə Mirzəyeva, Cəbrayıl rayon Mərcanlı kənd məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Səidə Quliyeva və həmin məktəbin şagirdləri, Xətai rayon 257, 171, 64 saylı tam orta məktəbin şagirdləri, Cığır İB-nin üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin sistem inzibatçısı Gülzadə Quliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamı səsləndirdi.
Sonra BDU-nin müəllimi, yazıçı, tədqiqatçı Firudin Qurbansoy söbətinə belə başladı: Nəsimi kimdir, ümumiyyətlə, nəyə görə biz Nəsimini öyrənməliyik, öyrənəndə də əsasən nəyi bilməliyik. Nəsimi Şirvanda anadan olub, Bakıda Seyid Yəhya Bakuvinin yanında irfan elmlərini mənimsəyib. Farsca divanında bir beyti var, sətri tərcüməsini deyirəm, “ey Nəsimi, Bakının hüdudları sənə darlıq edir, Allah-Təala da deyir ki, yaratdığım ərzü vadiyə genişdir, yəni, ərzim, yaratdığım dünya böyükdür. Beytin mənası belədir: mən buradan öyrəndiklərimi, ideyaları artıq Yaxın Şərqdə yaymağa hazıram. O zaman Nəsimi şerlərini “Seyid” təxəllüsü ilə yazırdı, çünki ustadı Seyid Yəhya Bakuvi də bu təxəllüs ilə yazıb.
Daha sonra BDU-nun müəlliməsi, islamşünas Yeganə Mirzəyeva qeyd etdi ki, İmadəddin Nəsiminin dərin humanizm ifadə edən zəngin yaradıcılığında hürufilik təlimi, onun kamil insan konsepsiyası mühüm yer tutur. Fəzlullah Nəiminin banisi olduğu hürufilik təriqətinə gənclik illərindən qoşulub onun mahiyyət və prinsiplərinə dərindən yiyələnən Nəsimi qısa müddətdə bu hərəkatın aparıcı simalarından birinə çevrilmişdi. İnsanın haqqa çatması vasitəsi kimi ilahi eşq yolunu simvollaşdıran sufilərdən fərqli olaraq hürufilər zəkaya, elmə daha çox üstünlük verir, kamil insan idrakının qüdrətini önə çəkirdilər.
Cəbrayıl rayon Mərcanlı kənd məktəbinin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Səidə Quliyeva məktəblərdə böyük şair, mütəfəkkir İmaddədin Nəsiminin yaradıcılığının məktəblərdə tədris olunmasından danışdı.
Tədbirin bədii hissəsində məktəblilər şairin qəzəllərini söylədilər. S. Ələsgərov adına 1 saylı İncəsənət məktəbinin 3-cü sinif şagirdi Fidan Mürşüdova muğam üzərində Nəsiminin qəzəllərini ifa etdi.
Sonda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova tədbirdə iştiraklarına görə hər kəsə təşəkkür etdi və vurğuladı ki, Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldıran, öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm edən, böyük Nizaminin Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları davam və inkişaf etdirib öz amalı uğründa yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədakar bir sənətkardır. Onun Azərbaycan ədəbi dilinin inkişafında böyük xidmətləri olmuşdur.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.
Foto Qalereya