Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Tədbirlər
23 İyul , 2019
İyulun 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında Ağdam rayonun işğalı ilə əlaqədar “Ağdamsız 26 il” başlığı altında tədbir təşkil olundu.
Tədbirdə Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant, Həmvətənlərə dəstək İctimai Birliyinin sədri, Qarabağ qaziləri futbol komandasının vitse-prezidenti Elmar Hüseyn, yazıçı, publisist, tarixçi-ekspert, ehtiyatda olan hərbiçi Azər Hacıbəyli, hüquqşünas, Azərərbaycan Respublikasının ilk qadın hərbi jurnalisti Əntiqə Qonaq, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, hərbi jurnalist Roza Əliqızı, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin Xətai rayon üzrə sədri, şəhid ailəsi Yeganə Yusifova, “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərinin redaktoru, Borçalı nəşriyyat poliqrafiya müəssisəsinin ədəbi redaktoru, şair, jurnalist Yunis Qaraxanov və Xətai rayon MKS-nin əməkdaşları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon MKS-nin sistem inzibatçısı Gülzadə Quliyeva bildirdi ki, bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 26 il ötür. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Bunların 17 mini yaşlı nəslin nümayəndəsidir.
Daha sonra çıxış edən yazıçı, publisist, tarixçi-ekspert, ehtiyatda olan hərbiçi Azər Hacıbəyli tariximizin sirdaşı, hünər, qəhrəmanlıq yaddaşı olan Ağdam rayonun keçmişi tarixindən və bu günündən danışdı.
Polkovnik-leytenant, ehtiyatda olan hərbiçi Həmvətənlərə dəstək İctimai Birliyinin sədri, Qarabağ qaziləri futbol komandasının vitse prezidenti Elmar Hüseyn qeyd etdi ki, Qarabağ müharibəsi dövründə Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının ilk qadın əməkdar, hərbi jurnalisti Əntiqə Qonaq Ağdam rayonu uğrunda hərbi döyüşlərdə gördüyü, şahidi olduğu hadisələrdən danışdı.
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri, hərbi jurnalist Roza Əliqızı və “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin Xətai rayon üzrə sədri, şəhid ailəsi Yeganə Yusifova isə bu gün Azərbaycan ordusunda xidmət edən əsgərlərimizə və onların ailələrinə göstərdikləri dəstəkdən danışdılar.
Sonra “Şərqin səsi”, “Elm və təhsil” qəzetlərinin redaktoru, Borçalı nəşriyyat poliqrafiya müəssisəsinin ədəbi redaktoru, şair, jurnalist Yunis Qaraxanov Ağdam rayonuna həsr etdiyi "İnşallah, dönərik bir də Ağdama" adlı şeirini oxudu.
Sonda çıxış edən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova bildirdi ki,
Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Ağdam rayonu 26 ildir Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Amma bu, belə davam edə bilməz. Xalqımız əmindir ki, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində işğal olunmuş bütün torpaqlarımız, o cümlədən Ağdam rayonu nəyin bahasına olursa-olsun düşmən tapdağından azad ediləcək.
Foto Qalereya