Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
2 Avqust , 2019
Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952). "Azərbaycan pioneri"qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləmişdir (1984).

Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qeqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. O özü də bədii tərcüməyə qayğı ilə yanaşmışdır. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir. "Mozalan" satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvüdür.

Əfəndiyev Hikmət Ziya oğlu 1995-ci il avqustun 2-də Azərbaycanın Bakı şəhərində dünyasını dəyişmişdir.

Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1988).

Onun adına "Hikmət Ziya" ədəbiyyat mükafatı təsis edilmişdir.