Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
20 Fevral , 2020
Fikrət Əmirov 1922-ci ilin noyabrın 22-də Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olmuşdur. Fikrət ailənin ikinci övladı idi. Belə ki, Fikrət uşaqlığından atası tarzən Məşədi Cəmil Əmirovun əsərlərinə, xüsusilə musiqilərinə qulaq asırdı. Onun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, bir sözlə, yaşadığı mühitin təsiri olub. Fikrət Əmirov öz xatirələrində qeyd edir ki, “Məni bəstəkar edən Azərbaycan tarıdır." Əlavə edir ki, “Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir.”
1928-ci ildə Məşədi Cəmil Əmirovun vəfatından sonra, evin yükü 6 yaşlı Fikrətin üzərinə düşür. Dürdanə xanım 6 övladını tək böyütməli olur. Fikrət yaşadığı çətinliklə baxmayaraq, atasının sənət yolunu davam etdirməyə çalışır. O, atasının arzu və istəklərini yüksək səviyyədə həyata keçirməyə nail olur. Fikrət ailədə ondan 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışırdı. Yaxşı xanımın ifa etdiyi mahnıları Fikrət tarda müşayiət edirdi. Beləliklə onlar, ifaları ilə məktəb daxili və xarici uğurlar qazanmağa başlayırlar.
Fikrət Gəncədə bacısı ilə Uşaq Yaradıcılığı Olimpiadalarına qatılmağa başladı. Bu olimpiadalarda Yaxşı xanım Azərbaycan xalq mahnılarını oxuyur, Fikrət isə onu tarda müşayiət edirdi. İstedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyov, burada Məşədi Cəmil Əmirovun övladlarının istedadı ilə tanış olur. Yaxşı xanım Gəncədə olimpiadada birinci yeri tutur və Bakıdakı olimpiada da qardaşı ilə birincilər sırasına yazılır. Yaxşı xanımın xanəndəliyə çox böyük həvəsi olub. Lakin, Fikrət ona müğənni olmağı məsləhət görmədiyi üçün o, Tibb Universitetinə daxil olaraq həkim peşəsinə yiyələnir. Onlar Bakıya eyni zamanda gəldilər. Fikrət burada konservatoriyaya daxil oldu. Tələbəlik dövrlərində də onlar ifaları ilə konsertlərə gedərək çıxışlar edirdilər.
Fikrət musiqi məhəbbətini dostları ilə bölüşürdü. O, Zərif Qayıbovla 11-ci sinifdə oxuyarkən məktəbdə orkestr təşkil edirlər. Fikrət Əmirov oxuduğu Maksim Qorki adına məktəbdə müəllim və şagird heyəti tərəfindən sevilirdi. O məktəbdə əla qiymətlərlə təhsil alır, məktəbdə tarda uğurlar qazanır, bir çox dram dərnəklərində iştirak edirdi. Qazandığı uğurlar və istedadı ilə Fikrət, 1939-cu ildə ümumtəhsil məktəbi ilə yanaşı, orta musiqi məktəbini də bitirdikdən sonra Bakıya gətirilir.
Fikrət Əmirov Bakıya gələrkən gələcək peşəsini seçməsi barədə çox düşünür. Lakin anası Dürdanə xanımın məsləhəti ilə konservatoriyaya gedir. Çünki, bir il əvvəl Dürdanə xanım Bakıya gedərkən Bülbüllə qarşılaşmış, Bülbül ona Fikrətin konservatoriyada oxumasını məsləhət görmüşdü. Bunu bəstəkar öz xatirələrində yazır ki, “Mənim yaradıcılığım həyatım daha çox Bülbüllə bağlıdır. İndiki kimi yadımdadır - 1938-ci ildə Bülbül anamı Bakıda görüb təkidlə tapşırmışdı ki, Fikrəti göndər gəlsin, musiqi məktəbinə düzəldim.” Gənc Fikrət Bakıya Bülbülün yanına gəlir və Bülbül onu Üzeyir Hacıbəyovun yanına aparır. Üzeyir bəy Fikrəti mehribanlıqla qarşılayaraq onun istedadını yoxlayır və ona konservatoriyaya daxil olmasını məsləhət görür. Beləliklə, Əmirovun Üzeyir Hacıbəyov və Bülbüllə əhatə olunan tələbəlik illəri başlayır.
Fikrət Əmirov Bakıya gəldiyi ilk illər bacısı Yaxşı xanım ilə qohumlarının evində yaşayır. Sonra isə skripkaçı dostu ilə Dmitrov küçəsində bir evdə qalır. Dostu hərbi xidmətə çağırıldıqdan sonra bu evdə tək yaşamağa başlayır. Həmin illəri bəstəkarın bacısı Şəfiqə xanım bu cür xatırlayır: “Fikrətin yaşadığı evə gələndə dəhşətə gəldim. Onun ev şəraiti olduqca ağır idi. Boş, soyuq otaqda sadə taxta masa, iki stul və dəmir çarpayı vardı. Yağış yağanda evə damırdı və o, hər dəfə çarpayasını dəyişdərməyə məcbur olurdu. Bütün bu çətinliklərə baxmayaraq, Fikrət böyük həvəslə oxuyur və yazıb-yaradırdı.”
O, Üzeyir Hacıbəyovun sinfində “Azərbaycan xalq musiqisinin əsasları” fənni öyrənir və bu üslubda ilk əsərlərini yazmağa başlayır. 1930-cu ildən etibarən Üzeyir Hacıbəyovun məsləhəti və Bülbülün rəhbərliyi ilə xalq mahnı və rəqslərini toplayıb, onları nota yazmaq məqsədi ilə konservatoriyada “Xalq musiqisi kabineti” təşkil olunur. Həmin kabinetə rəhbərlik edən Bülbül gənc bəstəkar və musiqişünasları bu işə cəlb edir. Onlar respublikanın müxtəlif bölgələrinə ekspedisiyalara gedərək, oradan folklor nümunələri toplayır, onları lentə yazır, kabinetə təqdim edir və həmin nümunələri nota köçürürdülər. Dövrünün ustad xanəndələrini - Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının da oxuduqları xalq mahnı və təsniflərini nota salırdılar. Bu işdə Asəf Zeynallı, Zakir Bağırov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Əşrəf Abbasov, Midhət Əhmədov, Məmmədsaleh İsmayılov kimi simalarla yanaşı, Fikrət Əmirovun böyük xidmətləri olub. O, hələ tələbə ikən bu işə cəlb olunduğundan daha da həvəslənir və öz əsərlərini də məhz xalq musiqisi üslubunda yazırdı.
1940-cı ildə Bakının musiqi mühiti zəngin idi. Belə ki, Azərbaycan Dövlət Filarmoniyasında tez-tez musiqili gecələr və konsertlər keçirilirdi. Fikrət Əmirov həmin konsertlərdə iştirak edərək, qərb və rus bəstəkarlarının əsərləri ilə əyani olaraq daha yaxından tanış olur və onların musiqi dilindən istifadə edirdi. O, həmçinin simfonik orkestrin məşqlərində də iştirak edirdi. Bəstəkar xatirələrində Nikolay Pavloviç Anasov ilə görüşünü belə xatırlayır: “1939-40-cı illər idi. Bir dəfə N.P.Anasov məni konservatoriyada görüb saxladı: "Cavan oğlan gəl tanış olaq." Əvvəlcə mən özümü itirdim və çox həyəcanlandım. Çünki mən bəstəkarlığa yenicə başlamış həvəskar, N.P.Anasov isə məşhur dirijor. Amma, sən demə, bu diqqətli dirijor məni öz məşqlərində görübmüş. Bunu o özü etiraf edərək dedi: "Mən sizi tez-tez orkestr məşqlərində görürəm. Bu gündən etibarən isə siz həmişə mənim orkestr məşqlərimə və konsertlərimə gələ bilərsiz. Mən sizi dəvət edirəm." Bu sözləri eşidəndə mən çox sevindim, çünki bu mənim böyük sənətkarla ilk işim idi.”
Həmin gündən etibarən N.P.Anasov ilə başlayan dostluğu sonralar Fikrət Əmirov onun oğlu Gennadi Rojdestvenski ilə davam etdirir. Rojdestvenski onun əsərlərinin interpretatoru olur. Bəstəkarın yaradıcılığının ilk dövrlərində xalq və musiqi janrlarına diqqət kəsilməsi, onları mənimsəməsi bu janrda əsas mənbəyidir.
Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli idi. Tələbəlik dövründə, o Üzeyir bəydən musiqi barədə elmlər öyrənib. Bu barədə bəstəkarın xatirələri mövcuddur. Bəstəkarın formalaşmasında Boris Zeydmanın da böyük rolu olub. 1930-cu illərdə Üzeyir bəyin dəvəti ilə müxtəlif şəhərlərdən dərs deməyə gələn müəllimlərin içərisində Boris İshakoviç Zeydmanın xidmətləri böyükdür. O, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova və daha bir neçə bəstəkarların müəllimi olmuşdur ki, həmin bəstəkarlardan biri də Fikrət Əmirovdur.
1941-ci il noyabrın 27-də 19 yaşlı Fikrət Əmirov orduya çağırılır. O, rabitəçilik kursunda təhsil almaq üçün 3 ay müddətində Tbilisiyə göndərilir. Kursu başa vurduqdan sonra 1942-ci il iyunun 3-də Voronej cəbhəsinə göndərilir. O vaxt bəstəkar anasına məktub yazır və məktubda bildirilir ki, “Sevimli anam və bacılarım! Mən sağ və salamatam. Mənim cəbhə yolum çox uzun oldu. Rostov vilayətini keçmişəm. Bu məktubu sizə Voronej vilayətinin Liski şəhərindən yazıram. Don çayını da keçmişik. Moskvaya yaxınlaşırıq. Hər tərəf qardır. Hələlik ki, heç bir maraqlı hadisə baş verməyib. Məndən Musaya, Adilə xalaya və bütün dost və tanışlara salam yetirin. Öpürəm səni. Fikrət.”
Fikrət Əmirovun cəbhə illəri onun həyat və yaradıcılığının əsas dövrü olub. O bacısını Yaxşı xanıma da məktublarında döyüş təəssüratlarını ətraflı şəkildə izah edir. Məktubda qeyd edilir ki, “Brjanska, Voronej cəbhəsinə gəldikdən sonra hissə rabitəçisi vəzifəsinə başladım. Qış günlərinin birində bizə məsul tapşırıq verildi. Cəbhə komandanlığı ilə əlaqə yaratmaq tapşırığı. Keçmiş yuxarı kurs yoldaşlarımla birlikdə hissə komandanlığının bizə həvalə etdiyi tapşırığı yerinə yetirməyə yollandıq. Gecə qaranlığında ön xəttə yaxınlaşarkən təmiz alman danışığı eşitdik. Xoşbəxtlikdən qarşımızda daş-qaya vardı. Biz onun arxasında düşməndən görünməmək üçün gizlənmişdik. Bir qədər sonra keçmiş dostlarımdan biri faşistlərin olduğu yeri təyin etmək istədi. Başını daş-qayadan çıxarar-çıxarmaz qəflətən avtomat atəşləri səsləndi və mənim dostum yerə sərələndi, güllə onun başını yaralamışdı. Açıq havada soyuq qış günündə qaldığımızdan çox donmuşduq və yaralı yoldaşımızı çıxara bilmirdik. Dostumuzun başını sarıdıqdan sonra səhərədək orada qaldıq. Şaxtalı havada, açıq yerdə qaldığımız müddətdə bizim ayaqlarımız tamamilə donmuşdu. Hava işıqlaşanda hissə əsgərləri bizi tapıb, döyüş bölgəsindən çıxardılar və Bryansk şəhərinin hərbi hospitalına müalicəyə göndərdilər.”
Bəzi mənbələrdən məlum olur ki, həmin dövrlərdə, yəni hospitalda olarkən Fikrət Əmirov özü də ağır mədə yarasından xeyli əziyyət çəkərək, cərrahi əməliyyatına məruz qalır. Lakin sağaldıqdan sonra orada bir neçə musiqiçidən ibarət ansambl təşkil edir. Özü həm ansambla rəhbərlik edir, həm də rus xalq çalğı aləti olan mandolinada ifa etməyi öyrənir. Həmin ansamblın repertuarına Azərbaycan xalq mahnı və rəqslərini də daxil edən gənc musiqiçinin bu xidmətləri çox bəyənilir. Çünki o, bu ansamblla hospitalda tez-tez konsertlər təşkil edir. Bu da insanların mənəvi gücünü artıraraq onları daha da mübariz olmağa səsləyirdi.
Böyük Vətən Müharibəsinin ağır günlərini yaşayan Fikrət Əmirov 1942-ci il noyabr ayında xəstəliyi ilə əlaqədar olaraq ordudan təxris olunur. O, əvvəlcə Gəncəyə gəlir və təxminən bir ilə qədər burada qalır, yaradıcılıq fəaliyyətinə davam edir. Belə ki, Gəncə Dövlət Filarmoniyasında çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram Teatrında baş rejissor olan Mehdi Məmmədovla birgə işləyərək, bir neçə tamaşaya musiqi yazır. Lakin yarımçıq qalmış təhsili və yaradıcılıq eşqi onu 1943-cü ildə yenidən Bakıya qayıtmağa vadar edir. O, həm Konservatoriyada təhsilini davam etdirir, həm də yeni yaradıcılıq ideyalarını həyata keçirmək uğrunda çalışır.
Bəstəkarın 1943-cü ildə yazdığı “Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə” adlı simfonik poeması həm onun cəbhə təəssüratlarını, həm də mübarizliyini özündə əks etdirir. Fikrət Əmirov bu əsəri yaxın dostlarından biri, müharibədə həlak olmuş Məmməd İsrafilzadəyə həsr etmişdir.
Fikrət Əmirov yaradıcılığına tələbəlik illərindən başlayıb. Bəstəkarın ilk əsərləri vokal janrına aiddir. O, konservatoriyada oxuduğu illərdə Süleyman Rüstəmin sözlərinə “Koreyalının andı” mahnısını, N.Dorizonun sözlərinə “İki sahil” və M.Lermontovun sözlərinə “Ulduz” romanslarını bəstələyir. Fikrət Əmirovun ilk peşəkar əsərlərinin bir çoxu fortepiano üçün yazılıb. Əmirov birinci kursda oxuyarkən bu alət üçün “Venesiyalar” yazıb. Bunlar gələcəyə zəmin yaradan və bəstəkarın istedadını özündə əks etdirən uğurlu əsərlər idi.
1940-cı il Azərbaycan incəsənəti çox əlamətdar bir il idi. Bu, Nizami Gəncəvinin 800 illiyi ilə bağlıdır. Yubiley tədbiri ilə əlaqədar olaraq incəsənətin başqa növlərində olduğu kimi, musiqidə də yeni əsərlər yaradıldı. Bu baxımdan Üzeyir Hacıbəylinin Nizaminin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” qəzəl-romansları xüsusi olaraq qələmə alınmışdı və yeni qəzəl-romans janrında ilk nümunələr idi. Digər bəstəkarlar da Nizaminin sözlərinə əsərlər yazır və şairin obrazını öz əsərlərində tərənnüm edirdilər. Fikrət Əmirov bu yubileyə bir töhfə verərək “Gülüm” qəzəl-romansını yazdı.
Bəstəkar səhnə musiqi əsərlərində də istedadlı olub. 1944-cu ildə Bakıda Musiqili Komediya Teatrı açılarkən tamaşaya qoyulan ilk əsərlərdən biri məhz Fikrət Əmirovun “Ürək çalanlar” operettası olmuşdur. Bundan başqa, bəstəkar həmin illərdə “Gözün aydın” operettasını da yazır. O, daha bir neçə tamaşaya musiqi bəstələyib. Cəfər Cabbarlının “1905-ci ildə”, Səməd Vurğunun “Xanlar”, “Vaqif”, Hüseyn Cavidin “Şeyx Sənan”, Mehdi Hüseynin “Cavanşir”, İmran Qasımovun “Xəzər üzərində şəfəq” və s. pyeslər musiqi bəstələnən əsərlər sırasındadır. Bu əsərlərdə Fikrət Əmirov musiqini səsləndirmir, həmçinin onun bədii məzmununu daha da qüvvətləndirirdi.
1945-ci ildə Fikrət Əmirov skripka və piano üçün “İkili konsert” və piano ilə Xalq Çalğı Alətləri orkestri üçün “Konsert” əsərini yazır ki, bu əsərlərdə Azərbaycan musiqi tarixində özünəməxsus yer tutur. Bu əsərlər hal-hazırda da repertuara daxil edilir və maraqla qarşılanır. Bəstəkarın 1946-cı ildə qələmə aldığı piano üçün “Romantik sonata” əsəri də Fikrət Əmirovun yaratdığı uğurlu əsərlərdən biridir və Azərbaycanda yaradılan ilk sonatalardan biri hesab edilir. 1947-ci ildə Fikrət Əmirov Nizami Gəncəvinin sözlərinə Azərbaycan bəstəkarlarının yazdıqları vokal əsərləri toplayaraq, onları məcmuə şəklində öz redaktorluğu ilə nəşr etdirmişdir.
Nizami irsi Fikrət Əmirovun yaradıcılığında xüsusi yer tutur. “Nizami” simfoniyası 1947-ci ildə yazılıb və əsər Nizaminin 800 illik yubileyinin keçirildiyi Moskvanın P.İ.Çaykovski adına salonunda ilk dəfə olaraq dirijor N.P.Anasovun idarəsi ilə səslənib. Əmirov “Nizami” simfoniyası ilə paytaxt Moskvada ilk yaradıcılıq qələbəsinə nail olur. Bəstəkarın bu uğuru mətbuat səhifələrində də işıqlandırılır. Musiqişünas V.M.Qaradinski “Sovetskaya iskustva” qəzetində yazırdı: “F.Əmirovun yaratdığı simfoniya son illərdə bu janrda bəstələnən əsərlər içərisində ən incilərindən sayıla bilər. Böyük Azərbaycan şairinin uzaqdan belə nur saçan gözəl simasını F.Əmirov simfoniyasında cəmləşən saf səslər, əsas partiyanın gözəl melodiyası bizə yaxınlaşdırır.” Rus bəstəkarı Şedrin isə “Nizami” simfoniyası haqqında öz fikirlərini belə ifadə edir ki, “Mən bu əsəri onun dərin fəlsəfiliyinə, mürəkkəb psixoloji obrazlar aləminə, həzin ciddiliyinə və incə melodik gözəlliyinə görə çox sevirəm.”
Bəstəkar yaradıcılığının ilkin dövrlərində, 1948-ci ildə opera janrına müraciət etmişdir. Konservatoriyanı bitirərkən o, diplom işi olaraq İ.Hidayətzadənin librettosu əsasında birpərdəli “Ulduz” operasını yazmışdır. Bu opera yalnız əlyazma şəklində saxlanılaraq, nəşr etdirilməmişdir. Fikrət Əmirov bu əsəri yazmaqla müəyyən təcrübələr əldə etmişdir. Bəstəkar opera janrının müəyyən üslub cəhətlərinə, ifadə vasitələrinə yiyələnə bilmişdir.
Fikrət Əmirov 1948-ci ildə “Şur” simfonik muğamını yaratdı. Simfonik muğam ilk dəfə maestro Niyazinin idarəsi ilə həmin ilin avqust ayında Azərbaycan Dövlət Filarmoniyasında səsləndi və sonralar dünyanın müxtəlif ölkələrinin konsert salonlarında ifa olundu. Ən məşhur dirijor və musiqişünaslar bu əsəri çox yüksək qiymətləndirdilər. Bu mənada xarici ölkə musiqiçilərindən professor Fişer, Ostinqo və başqalarının Əmirovun simfonik muğamları və xüsusən də “Şur” haqqında müsbət fikirləri var. Onlar bu əsərləri “Şərq simfonizmi”-nin inkişafında yeni addım kimi dəyərləndirirlər.
Şur simfonik muğamı haqqında həm respublikada, həm də xarici ölkə mətbuatında çoxlu sayda məqalələr nəşr olunub. Fransanın “Disk” jurnalında bildirilir ki, “Şur simfonik muğamı ifadəliyi və parlaq orkestr ustalığı ilə fransız dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Şur muğamında musiqi sənətinin bütün böyük əhəmiyyət kəsb edən əsərlərinə xas olan əzəmət və həqiqət vardır.” Bu əsəri Rojdestvenski, Stokoveski kimi dirijorlar da səsləndiriblər. Azərbaycan dirijorlarından Rauf Abdullayev, Fəxrəddin Kərimov, Yalçın Adıgözəlov və başqaları “Şur” simfonik muğamının interpretatorudurlar.
Fikrət Əmirovun digər “Kürd-Ovşarı“ simfonik muğamı da 1948-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında maestro Niyazinin idarəsi ilə səslənib. “Şur“ və “Kürd-ovşarı“ simfonik muğamlarına görə bəstəkar 1949-cu ildə SSR Nazirlər Sovetinin qərarı ilə SSRİ dövlət mükafatına layiq görüldü. Dünyanın müxtəlif ölkələrində səslənən simfonik muğamlar kimi, “Kürd-Ovşarı“ da böyük məhəbbətlə qarşılandı. Fikrət Əmirovun yaradıcılığına xüsusi diqqətlə yanaşan musiqişünas B.M.Yarustovskinin Amerika dinləyəcilərinin əsərə münasibəti haqqında bildirirdi ki, “Mən Amerika dinləyicilərindən bu əsərin müvəffəqiyyətinin səbəbini soruşanda hamı bir səslə - "Biz özümüz üçün yeni səs dünyasını kəşf etdik. Bu bizim üçün "Şərq simfonizmi"-nin yaranması idi.“ “Şur” və “Kürd Ovşarı“ simfonik muğamları duologiya xüsusiyyətinə malikdir. “Şur” simfonik muğamı Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms hissələrindən ibarətdir. “Kürd-Ovşarı“ duologiyanın ikinci hissədir. Həmçinin həcm etibarilə “Şur”-dan daha kiçikdir. Əsər “Kürd-Ovşarı“ zərbi muğamının xüsusiyyətlərinə əsaslanır, dörd bölmədən ibarətdir. Çox cəld ifa olunaraq, “Şur”-la müqayisədə daha miniatür həcmlidir.
Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.