Xətai rayon Mərkəzi kitabxanası

Xətai rayon MKS
Xəbərlər
26 Fevral , 2020
Ötən əsrin 1992-ci ilin fevralında tarixdə görünməmiş qətliam baş verdi.Türkləri özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları türk torpaqlarında insanlığa xas olmayan vəhşiliklər törətməklə Xocalı adlı bir yurd yerini yer üzündən sildilər, insanlar amansızlıqla qətlə yetirildilər,əsir götürüldülər, şəhər isə oda qalandı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə isə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən dəhşətli soyqırım törədildi.Buna qədər isə Xocalı erməni-daşnaklar tərəfindən tam mühasirəyə alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin ümidinə buraxılmışdı. Halbuki Xocalılar erməni-daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayırdılar.Düşmən buna görə də Xocalı sakinlərini vəhşiliklə qətlə yetirdi.

Xocalı soyqırımına siyasi qiymət verən ümummilli lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşəndə demişdir: “...biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək. Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək.İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir”.

Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi yer üzündən silinib, azərbaycanlılara qarşı amansız soyqırımı törədilib: 613 nəfər qətlə yetirilib, 1275 nəfər əsir götürülüb. Azğınlaşmış erməni hərbiçiləri əsir və girov götürdükləri azərbaycanlıları xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə amansızlıqla qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri Əsgəran rayon Daxili işlər şöbəsində işgəncə verilərək öldürülüb.

Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisadiyyatına 170 milyon dollardan artıq ziyan vurub. Şəhərin toxuculuq fabriki,onlarla ictimai iaşə obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək nəsillər bizi bağışlamayacaqdır!

Azərbaycan Respublikasının Milli Məclisi 24 fevral 1994-cü ildə 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da "Xocalı soyqırımı günü" elan olunması barədə qərar vermiş və Xocalı hadisələri barəsində həqiqətin dünya xalqlarına çatdırılması və "Xocalı soyqırımı günü"nün beynəlxalq miqrasda keçirilməsi üçün dünya azərbaycanlılarına müraciət etmişdir.

Hər il fevralın 26-da, saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının xatirəsini yad edir.

Doğma yurdlarından didərgin düşmüş və azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar.

Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə, beynəlxalq aləmə çatdırılması istiqamətində böyük işlər görüb. Dünyanın, Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi,filmlərin nümayiş olunması və s. bu qəbildəndir. Xocalı soyqırımına dair müxtəlif dillərdə Heydər Əliyev Fondu tərəfindən filmlər hazırlanıb, həmin filmlərin təqdimatı keçirilib.

Həmçinin, Xocalı soyqırımı ilə bağlı fotosərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı ilə bağlı xarici kütləvi informasiya vasitələrinin əməkdaşlarının qələmə aldıqları məqalələrin sərgisi keçirilib. Bununla yanaşı, “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi və s. böyük tədbirlər təşkil olunub.

Bunlar hamısı Heydər Əliyev Fondunun və ələxsus ölkənin birinci xanımı,millət vəkili Mehriban xanım Əliyevanın Xocalı soyqırımının tanıdılması istiqamətində çox böyük xidmətləridir. Özü də nəinki Xocalı soyqırımının, ümumilikdə bütün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu xidmətlər ölçüyəgəlməzdir. Eyni zamanda Leyla xanım Əliyeva dünya ictimaiyyətinin diqqətini erməni işğalçılarının Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayətlər haqqında obyektiv məlumatlara cəlb etmək, sözügedən faciələrə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək, eyni zamanda, Azərbaycanın Qarabağ münaqişəsində milli maraqlarının müdafiə olunması məqsədilə “Xocalıya ədalət -Qarabağa azadlıq” (Justice for Khojaly,Freedom for Karabakh) devizi altında beynəlxalq kampaniyanın keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

“Xocalıya ədalət!” kampaniyasına qoşulan insanların sayı günü-gündən çoxalmaqdadır. Bizim hər birimiz bu kampaniyaya dəstək verməliyik.Harada yaşamağından asılı olmayaraq - Azərbaycanda da, Azərbaycandan kənarda da. Hərənin gücü nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Xocalı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qarabağ savaşında şəhid,əlil olmuş, yaralanmış qəhrəmanlarımızın, ümumən Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərin təbliğ edilməsi,erməni yalanlarının qarşısının alınması istiqamətində öz fəalliyyətini ortaya qoymalıdır.
Tarix heç nəyi unutmur!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!